Azərbaycanı dünyada tanıdan, adımıza şərəf və ucalıq gətirən görkəmli soydaşlarımızın sorağı dünyanın hər yerindən gəlir. Onlardan biri də uzun illərdir ABŞ-da yaşayan və Mərkəzi Florida Universitetinin Günəş Enerjisi Mərkəzində mötəbər vəzifədə çalışan Nazim Muradovdur.
Əslən Qazax rayonundan olan Nazim Muradov 1947-ci ildə dəmiryolçu ailəsində anadan olub. Ailəsi Bakıya köçəndən sonra 160 saylı orta məktəbdə orta təhsilini başa vurub, Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki ADNSU) kimya texnologiyaları fakültəsində təhsil alıb. Kimyaçı mühəndis-texnoloq kimi 15 il Neft Kimya Prosesləri İnstitutunda çalışıb. Neft kimyası və neftin emalı sahəsində tədqiqatları ilə Azərbaycan elminin inkişafına töhfələr vermiş akademiklər Vahab Əliyev və Musa Rüstəmovun tələbələrindən olub. Namizədlik və doktorluq dissertasiyalarını Moskvada, SSRİ EA-nın Kimyəvi Fizika İnstitutunda uğurla müdafiə edib.
ABŞ-ın Florida ştatının 2-ci böyük şəhəri Mayamidə 1989-cu ildə keçirilən beynəlxalq konfransda onun “Günəş hidrogeninin istehsalı” məruzəsi maraq doğurur və Mərkəzi Florida Universitetinin Günəş Enerjisi Mərkəzində işləmək dəvəti alır. Dəvəti qəbul edən alim 1990-cı ildən həmin təşkilatda çalışır, hidrogen energetikası üzrə qrup rəhbəridir.
Azərbaycanlı professorun elmi nailiyyətləri beynəlxalq arenada yüksək qiymətləndirilir. 2 kitabın, 200-dən çox elmi məqalənin, alternativ yanacaq və ekologiyanın təmizlənməsi sahələri üzrə 50 patentləşdirilmiş kəşfin müəllifi və həmmüəllifidir. Nazim Muradov ABŞ-ın Milli İxtiraçılar Akademiyasına üzv seçilən ilk azərbaycanlıdır. 2006-cı ildən “Hidrogen enerjisi” (“Journal of Hydrogen Energy”) beynəlxalq jurnalına redaktorluq edir. Adı “Amerikada kim kimdir və elmdə kim kimdir?” ensiklopediyasında yer alıb.
NASA ilə yaxından əməkdaşlıq edən soydaşımız ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aparılan bir sıra elmi araşdırmaların baş tədqiqatçısı olub. Onun yaratdığı hidrogen sensoru texnologiyasını NASA ilin ən yaxşı kommersiya texnologiyası kimi qiymətləndirib və nüfuzlu beynəlxalq “R&D100” mükafatına layiq görüb. Bu mükafat il ərzində 100 ən yaxşı texnoloji kəşfə görə verilir və “İxtiraçıların Oskarı” adlanır. Nazim müəllimin bir sıra patentləri isə ABŞ və Yaponiya şirkətləri tərəfindən lisenziyalaşdırılıb. ABŞ Müdafiə Nazirliyi və Qətərin Aparıcı Elmi Araşdırmalar Fondu tərəfindən maliyyələşdirilən “Sudan hidrogenin alınması” layihəsinin elmi rəhbəridir. Dəfələrlə Tokio, Amsterdam, Madrid universitetlərində, həmçinin ARAMKO (Səudiyyə Ərəbistanı) şirkətində çoxsaylı mühazirələr oxuyub.
Nazim Muradov Azərbaycandakı həmkarları ilə sıx əlaqələri olmasa da, doğma vətənə çox bağlı olduğunu deyir. O, Bakıda keçirilən “Kimya elmləri və texnologiyaları III Beynəlxalq Türk Dünyası” konfransında (2017) plenar məruzə ilə çıxış edib və xüsusi mükafata layiq görülüb. 74-cü Beynəlxalq Astronavtika Konqresinin (2023) nümayəndəsi olub. “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” və “Tərəqqi” medalları ilə təltif olunub.
Həyat yoldaşı Pərvin Muradova məşhur rəqqasə və xoreoqraf Əminə Dilbazi, bəstəkar Cövdət Hacıyev və şairə Mirvari Dilbazinin qohumudur. Azərbaycan Milli Konservatoriyasını bitirib, hazırda Floridada kollecin professorudur. İki övladı var: bir oğul və bir qız.
Namiq QƏDİMOĞLU
XQ