Azərbaycan Ağsaqqallar Şurası ilə Özbəkistanın “Nuraniy” Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

post-img

Ölkəmizdə səfərdə olan qardaş Özbəkistanın nümayəndə heyəti - Ali Məclis Senatının və Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının üzvü, Özbəkistan nuranilərinin (ağsaqqallarının) və veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondunun sədri, Özbəkistan Qəhrəmanı Sodikjon Turdiyev, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini, akademik Akmal Saidov və heyətin digər üzvləri ilə Azərbaycan Ağsaqqallar Şurasında görüş keçirilib.

Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyevlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Türk Dövlətləri Təşkilatındakı səlahiyyətli nümayəndəsi Həsən Həsənov, Şura sədrinin birinci müavini, deputat Əhliman Əmiraslanov, sədr müavinləri - deputat, professor Eldar İbrahimov və professor Vahid Novruzov, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev və digər şəxslər iştirak ediblər.

Görüşdə Eldar Quliyev hazırda türk dövlətləri arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, bu inkişaf prosesində Azərbaycan Prezidenti İlham Əliyevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və digər türk dövlətlərinin liderlərinin böyük əməyi var. Hazırda hər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə davam etdirildiyini bildirən E.Quliyev hər iki dövlət başçısının uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. Azərbaycanın Özbəkistanla əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında və bu təşkilatın Ağsaqqallar Şurasında intensiv şəkildə inkişaf etdirildiyi vurğulanıb. O, Azərbaycan Ağsaqqallar Şurasının, eləcə də ölkəmizin 77 şəhər və rayonundakı yerli təşkilatlarının fəaliyyəti barədə məlumat verib, qurumdakı müsbət dəyişikliklərdən, dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan söhbət açıb.

“Nuraniy” Fondunun sədri Sodikjon Turdiyev vurğulayıb ki, türkdilli ölkələr, o cümlədən qardaş Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər qarşılıqlı fayda və həmrəylik əsasında daha da inkişaf edəcək. Özbəkistan nuranilərinin və veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi istiqamətində “Nuraniy” Fondunun fəaliyyətindən söz açıb. Qeyd olunub ki, yerli təşkilatları vasitəsilə fəaliyyətini bir çox istiqamətlər üzrə quran Fond tərəfindən səmərəli tədbirlər, görüşlər və layihələr həyata keçirilir. Əsasən gənc nəslin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsinə, onların maarifləndirilməsinə və cəmiyyətdəki zərərli təsirlərdən qorunmasına, boşanmaların qarşısının alınmasına üstünlük verən Fond ali və orta təhsil ocaqlarında, müxtəlif müəssisələrdə gənclərlə və ictimaiyyətin digər nümayəndələri ilə mütəmadi iş aparır.

S.Turdiyev bildirib ki, Özbəkistanda son illərdə gözəl ənənəyə çevrilən “Üç nəslin görüşü” əhali, o cümlədən babalar-atalar-övladlar arasında bir çox problemlərin həlli istiqamətində böyük əhəmiyyət kəsb edir. Özbəkistanda bələdiyyə modelini xatırladan məhəllələrin də ağsaqqallar tərəfindən idarə olunduğunu, onların əsasən məhəllə sədrlərinin müşavirləri kimi fəaliyyət göstərdiklərini vurğulayıb. Bildirib ki, Özbəkistanda 3 milyon ağsaqqal (nurani) yaşayır ki, onlardan 130-u İkinci Dünya müharibəsi, 16 min nəfəri isə əmək veteranıdır. Hazırda qardaş ölkədə yaşı 100-ü keçən 600 nəfər var. Qonaq Prezident Şavkat Mirziyoyev tərəfindən ağsaqqallara göstərilən yüksək diqqət və qayğıdan söz açıb.

Söhbət zamanı əlaqələrin mövcud vəziyyəti, həmçinin bəzi istiqamətlərdə münasibətlərin daha da genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Tərəflər bir sıra sahələrdə qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi sayəsində daha səmərəli nəticələrin əldə olunacağına əminlik ifadə edərək əməkdaşlıq barədə razılığa gəliblər.

Görüşdə Azərbaycan Ağsaqqallar Şurası ilə Özbəkistan nuranilərinin və veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondu arasında beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb. Qarşılıqlı faydalı əməkdaşlığı, fəaliyyətlərin əlaqələndirilməsini və təcrübə mübadiləsini nəzərdə tutan sənədi Eldar Quliyev və Sodikjon Turdiyev imzalayıblar.

Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Görüşdə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov da iştirak edib.





Sosial həyat