Xırdalanda metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində bildirib.
Metronun “Xocəsən” stansiyasının istifadəyə verildiyini xatırladan komitə sədri əlavə edib: “Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. Xırdalana isə metro xəttinin inşası hələ ki, nəzərdə tutulmur”.
Anar Quliyev, eyni zamanda, qeyd edib ki, Bakıda neft sənayesinin çirkləndirdiyi ərazilər təmizlənəcək və ora yenidən həyat qayıdacaq: “Paytaxtda su hövzələri yaradılacaq, şəhərin gələcək təmizliyi nəzərə alınacaq. Baş plana əsasən Bakının sənaye şəhərindən çox insanyönümlü şəhər olmasına doğru addımlar atılacaq. Paytaxtın inkişafı gələcəkdə dövlət və özəl sektorun birgə tərəfdaşlığı çərçivəsində davam edəcək”.