Soyuq çöl-bayırda isti duyğular
Şənbə günü gündüz saatlarından təkəm-seyrək yağmağa başlayan qar, təxminən, 22.00 radələrində güclənərək tezliklə paytaxtın küçə və meydanlarını, həyət və parklarını, ağacları, evlərin damlarını, bir sözlə, hər yeri ağ örpəyə bürüdü.
Elə həmin anlarda şair dostum Həzi Həsənlinin “Facebook”da yerləşdirdiyi qarla bağlı bu səmimi misraları qarşıma çıxdı:
Bağımıza, bağçamıza qar yağdı,
Ağaclarım ağ duvağa büründü,
Elə bildim noğultək nübar yağdı,
Qar yenə şəkərdən şirin göründü.
Bu misraları təzəcə oxumuşdum ki, həyətdəki futbol meydançasında uşaqların səs-küylə “top qovduq”larını gördüm. Balaca futbolçular 10-15 santimetrlik qarın üzərində oynamaqdan, bəlkə, daha çox, sürüşüb-yıxılmaqdan zövq alırdılar.
Uşaqlar qarın üstündə elə şövqlə qaçışırdılar ki, adam qeyri-ixtiyari onların arasında olmaq arzusuna düşürdü. Bir müddət sonra artıq bir neçə yaşlı “tamaşaçı” da meydançanın ətrafına gələrək azarkeşlik etməyə başladılar.
Səhərisi bazar günü idi. Tezdən iş yoldaşım, “XQ”nin fotomüxbiri Elşən Ağalara zəng edəndə, gənc həmkarım ağzımı açmamış dilləndi ki, “müəllim, narahat olmayın, qarla bağlı “bomba kadr-lar” çəkmişəm. Ertəsi gün redaksiyaya gələndə Elşən vəd etdiyi fotoları bir-bir mənə göstərdi. Söylədi ki, bunlar, əsasən, “Keşlə” qəsəbəsində və Dənizkənarı bulvarda çəkilib. Fotolardan bir neçəsini seçib dərc etməyi qərara aldıq.
Yeri gəlmişkən, qarın yağmağı ilə son 2 gün ərzində sosial şəbəkələrdə çox sayda paylaşımlar edildi. Xalq şairləri Nəbi Xəzri, Musa Yaqub, Cabir Novruz və başqalarının bu mövzuda qələmə aldıqları bir-birindən gözəl poeziya nümunələri yada düşdü, rəylər yazıldı.
Sosial şəbəkə izləyicilərinin bir çoxu öz paylaşımlarında qarlı-buzlu, şaxtalı-sazaqlı havada sərhədlərimizi qoruyan igid əsgər və zabitlərimizi alqışlayır, eyni zamanda, ürəklərindən dillərinə axan dualarını əsirgəmirdilər. Ana və bacıların kövrək və qürurlu sözlərini, həqiqətən, həyəcansız oxumaq olmur. Bəli, Vətən qəhrəman oğulları ilə yenilməzdir!
Bəzi paylaşımlarda yeni ilin ilk qarının şəhərin su, işıq, təbii qaz təchizatında problemlər yaradacağı ilə narahatlıqlar dilə gətirilirdi. İnsafən, bu dəfə bu sahələrdə ciddi problemlər yaranmadı. Görünən budur ki, şəhər təsərrüfatının müvafiq qurumları vəzifələrinə daha məsuliyyətlə yanaşıblar. Təki həmişə belə olsun!
M.HACIXANLI,
E.AĞALAR (foto)
XQ