Naxçıvan Muxtar Respublikası Prokurorluğunda keçirilmiş əməliyyat müşavirəsində qarşıda duran vəzifələr müzakirə edilib

post-img

Yanvarın 15-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimində 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən məlumata görə, müşavirə iştirakçıları tərəfindən əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün təmini uğrunda aparılmış mübarizədə şəhid olmuş əsgər və zabitlərimizin, vətəndaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Kamran Əliyev müşavirədə çıxış edərək 2023-cü ilin müstəqil və suveren dövlətimizin qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması və Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi, bununla əlaqədar xalqımızın yaddaşında və dövlətçilik tariximizdə xilaskar obrazında iz qoymuş müdrik siyasətçi Heydər Əliyevin həyat və yaradıcılığı, dövlət quruculuğu sahəsində olan fədakar fəaliyyəti, hüquq sisteminin təkmilləşdirilməsi, demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlətin təsis edilməsi, inkişafı istiqamətində gördüyü işlər, prokurorluq orqanlarının inkişafına verdiyi töhfələrdən danışıb.

Çıxışda qeyd edilib ki, Baş prokuror Azərbaycan Prezidentinin 2023-cü il 7 dekabr tarixli Sərəncamına əsasən 2024-cü il fevralın 7-də növbədənkənar Prezidenti seçkilərinin elan edilməsini və 2023-cü il 25 dekabr tarixli Sərəncamla respublikamızda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını da 2023-cü ildə baş vermiş mühüm hadisələr sırasına aid edib.

Daha sonra çıxışda Naxçıvanda cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyənləşdirilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin icrası sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla qazanılan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar müzakirə edilib.

Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev muxtar respublikanın prokurorluq orqanları və digər-hüquq mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat orqanları tərəfindən 2023-cü ildə görülmüş işlərin vəziyyəti barədə müşavirədə ətraflı məruzə ilə çıxış edib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bundan sonra da üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edərək, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.





Sosial həyat