Abşeronda Vətən müharibəsi iştirakçısına dövlət mükafatları təqdim olunub

post-img

Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəhbərliyi iştirak edib.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda vüsət alan yenidənqurma, abadlıq-quruculuq işlərindən danışıb. Artıq soydaşlarımızın öz yurdlarına döndüyünü deyən başçı qeyd edib ki, Ali Baş Komandanın “Dəmir yumruğ”u altında sıx birləşən minlərlə igid oğullarımızın, şəhidlərimizin və qazilərimizin şücaəti sayəsində düşmən döyüş meydanında diz çökdürülüb. O, ötən il antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün bərqərar olduğunu qeyd edərək vurğulayıb ki, Silahlı Qüvvələrimizi bundan sonra da baş verə biləcək bütün hərbi təxribatların qarşısını almağa qadirdir.

Daha sonra şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova ölkəmizdə şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıdan danışıb və bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Sonda Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə təltif olunan Vətən müharibəsi iştirakçısı, I qrup müharibə əlili Əliyev Vidadi Rizvan oğluna 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Xocavəndin azad olunmasına görə” medalı təqdim olunub.

Sosial həyat