Azərbaycanda ilk sosioloji anlayışlar kitabı dərc edilib

post-img

Azərbaycanda sosial bilik sahəsində maariflənmək və yeni konseptual anlayışları ölkənin elmi müzakirələrinə daxil etmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən ilk dəfə olaraq 70 sosioloji anlayışı əhatə edən kitab çap edilib. E.Giddens və F.Sattonun müəllifi olduğu “Sosiologiyada əsas anlayışlar” kitabı bu elm sahəsinin yetmiş anlayışını əhatə edir. 

Ənənəvi lüğət tipli kitablardan fərqli olaraq, burda anlayışların işçi tərifi və mənası ilə yanaşı, inkişaf tarixi, tənqidə məruz qalan tərəfləri və bütün tənqidlərə baxmayaraq, aktuallıq kəsb edən cəhətləri təqdim edilir. Kitabı xüsusilə dəyərli edən odur ki, belə təqdimat forması sosioloji anlayışların mövcud təsbitlərinin mütləq olmaması, konsepsiyaların ziddiyətliyi və qarşıdurmasının qanunauyğunluğu ideyasını ehtiva edir.

“Sosiologiyada əsas anlayışlar” kitabı sosioloqlar, sosial elmlərin digər sahələri üzrə mütəxəssis və tələbələr, habelə müasir dünyanı daha dərindən öyrənməyə çalışan geniş oxucu dairəsi üçün nəzərdə tutulub. Kitab Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə və baş məsləhətçi Sübhan Padarov tərəfindən tərcümə edilib. Tərcümənin redaktoru H.Axundzadədir.

Kitabın tərcüməsi və nəşri Sosial Tədqiqatlar Mərkəzinin təşəbbüsü olaraq, “Polity Press” nəşriyyatı ilə P14134 saylı razılaşma əsasında həyata keçirilib. Tərcümə E.Giddens, F.Sutton. “Essential Concepts in Sociology. Second Edition” (Polity Press, 2017) nəşrinə əsaslanır.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat