Respublika Perinatal Mərkəzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “2023-cü ilin yekunlarına və qarşıda duran məsələlərə dair” müşavirə keçirib. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov görülən işlər barədə məlumat verdikdən sonra deyib:
– Növbəti ildə qarşımızda duran vəzifələrin öhdəsindən gəlmək üçün ilk növbədə, xəstəxana idarəetməsinə, əlçatan, keyfiyyətli tibbi xidmətlərin təşkilinə, pasiyent məmnunluğuna və təhlükəsizliyinə diqqət artırılmalıdır. Vətəndaş qəbuluna, xəstəxanada növbəliliyin tənzimlənməsinə, şəhid ailələri, qazilər və veteranlara həssaslıqla yanaşılmalıdır. Qarşıya çıxan problemlər və onların həlli yollarının müzakirəsi bizə növbəti ildə yeni hədəflərə çatmağımıza kömək edəcək.
Çıxışlarda ötən 11 ayda tibb müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsi, tibbi xidmətlərin inkişafı istiqamətlərində TƏBİB-də ardıcıl işlər görüldüyü bildirilib. Qeyd edilib ki, ilkin səhiyyə xidmətinin təşkili istiqamətində yeni tibb məntəqələri istifadəyə verilib, xidmətin restrukturizasiyası ilə bağlı zəruri tədbirlər görülüb. Yeni xidmət növləri yaradılıb, əlavə şöbələr fəaliyyətə başlayıb. 2024-cü ildə bu istiqamətdə daha sistemli çalışacağıq.
Bildirilib ki, maliyyə resurslarının önəmli hissəsi dərman və tibbi sərfiyyata ayrılır. Beynəlxalq təşkilatlar və xarici ölkələrlə aparılan əməkdaşlıq çərçivəsində də cari ildə tibb müəssisələrinə tibbi avadanlıqlar və vasitələr ianə edilib. Məqsəd bu vasitələri vətəndaşlar üçün daha da əlçatan etməkdir. Tibb müəssisələrində aparılan monitorinqlər nəticəsində aşkarlanan problemlər vaxtında aradan qaldırılır.
Sonra müəssisə rəhbərləri cari il ərzində görülən işlərlə bağlı məruzə ediblər. Bakı üzrə poliklinikalarda mövcud vəziyyət, yeniliklər, təcili və təxirəsalınmaz tibbi yardımla bağlı yenidənqurma işləri, Yeni Klinikada tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, Abşeron Rayon Mərkəzi Xəstəxanasında ümumi vəziyyət, Kliniki Tibbi Mərkəzdə görülən işlər və növbəti ildə xidmətin təşkili ilə bağlı hədəflər barədə məruzələr dinlənilib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının və Tibbi Reabilitasiya Mərkəzinin, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərləri xidmətin daha keyfiyyətli və əlçatan olması üçün lazımi hədəflərdən bəhs ediblər.
Sonda bildirilib ki, icbari tibb sığortanın xidmətlər zərfi çərçivəsində 98 faizdən çox xidmət ödənişsiz təmin edilir. 2024-cü il ərzində TƏBİB-in strateji planına əsasən, islahatlar davam etdiriləcək, infrastruktur yenilənəcək, kadr potensialı, maddi-texniki baza daha da güclənəcək. Müəssisə rəhbərləri çatışmazlıqların aradan qaldırılmasına 2024-cü ildə prioritet istiqamət kimi çalışmalıdırlar.
Zərifə HÜSEYNOVA
XQ