Moskvada Ulu Öndər Heydər Əliyevin xatirə gecəsi keçirilib

post-img

Azərbaycanın Rusiyadakı səfirliyi Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi ilə birlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil edib.

Tədbirdə Milli Məclisin üzvləri, Rusiya Federasiyası Federasiya Şurasının və Dövlət Dumasının senatorları və deputatları, diplomatik nümayəndəliklərin rəhbərləri, Rusiyanın tanınmış ictimai xadimləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının fəalları və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Tədbirin qonaqları Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən təşkil edilmiş fotosərgi ilə tanış olublar. Sərginin ekspozisiyasına Ulu Öndərin həyatının müxtəlif dövrlərinə və çoxşaxəli fəaliyyətinə həsr olunmuş 30-dan çox fotoşəkil daxil edilib.

Tədbiri açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib: “Heydər Əliyevin rolu və şəxsiyyətinin miqyası o qədər böyükdür ki, onun həyat yolu, fəlsəfəsi və Azərbaycan dövlətçiliyinin inkişafına misilsiz töhfəsi hələ uzun illər ərzində bir çox nəsillər tərəfindən öyrəniləcək”.

Səfir daha sonra deyib: “Elə liderlər var ki, onların fəaliyyəti və şəxsiyyətinin miqyası cəmiyyətin inkişafına, ölkənin siyasi-iqtisadi kursuna və beynəlxalq arenada mövqeyinə böyük təsir edir və təkcə bir dövlətin sərhədləri hüdudlarına sığmır. Onlar öz xalqlarının tarixində mühüm rol oynayır, həmçinin dünya siyasətində də iz buraxırlar. Heydər Əliyev məhz belə bir şəxsiyyət olub. Onun ölkəmizin müstəqilliyinin bərqərar olmasında və möhkəmlənməsində müstəsna rolu var. Məhz onun fəaliyyəti sayəsində Azərbaycanda demokratik, hüquqi dövlət qurulub və hazırda uğurla inkişaf edir”.

Diplomat Ümummilli Liderin xalqın tələbi ilə rəhbərliyə qayıtdıqdan sonra həyata keçirdiyi irimiqyaslı siyasi, hüquqi, sosial-iqtisadi islahatlardan, mədəniyyət və təhsil sahələrində dəyişikliklərdən bəhs edib.

Polad Bülbüloğlu vurğulayıb: “Bir mədəniyyət xadimi və uzun müddət Heydər Əliyevin rəhbərliyi altında çalışmış insan kimi deyə bilərəm ki, Ulu Öndər milli mədəniyyəti Azərbaycan xalqının sərvəti kimi qiymətləndirirdi. Mədəniyyətin müasir yüksək inkişaf səviyyəsi onun qiymətli ideyaları və real dəstəyi sayəsində mümkün oldu”.

Səfirin sözlərinə görə, Azərbaycan-Rusiya əməkdaşlığı Heydər Əliyevin xarici siyasət strategiyasında xüsusi yer tuturdu. O qeyd edib: “Bu gün Azərbaycan və Rusiya regionda müttəfiqlik qarşılıqlı fəaliyyətini uğurla həyata keçirir, ölkələrimiz arasında münasibətlərin xarakteri isə həm Azərbaycan, həm də Rusiya tərəfindən yüksək qiymətləndirilir. Biz bu əməkdaşlığın əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu daim xatırlayırıq. Ulu Öndər Rusiya ilə dostluq və arzu edilən münasibətlərin formalaşması üzrə mühüm addımlar atıb”.

Diplomat xüsusi olaraq vurğulayıb ki, bu il Rusiyada Heydər Əliyevin andan olmasının 100 illiyi geniş şəkildə qeyd olunub, ölkənin bir çox şəhərlərində Ulu Öndərin yubileyinə həsr olunmuş mühüm elmi-təhsil, mədəni, idman tədbirləri keçirilib.

Səfir Rusiya rəhbərliyinə, Dövlət Duması və Federasiya Şurasına, həmçinin TASS İnformasiya Agentliyinə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərin təşəbbüsçüləri olduğuna və onların təşkilinə görə təşəkkürünü bildirib.

Polad Bülbüloğlu qeyd edib ki, bu gün Heydər Əliyevin ideya və düşüncələri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. O əlavə edib: “Yaxşı məlumdur ki, Ümummilli Liderin ən ümdə arzularından biri ölkəmizin işğal olunmuş ərazilərinin tam azad edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması idi. O, dəfələrlə əminliklə deyirdi ki, işğal olunmuş ərazilərin azad ediləcəyi və xalqımızın öz əcdadlarının torpaqlarına qayıdacağı vaxt gələcək. Bütün dünya azərbaycanlılarının sevinc hissi ilə qarşıladığı hadisə - Prezident, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun torpaqlarımızın çoxillik işğalına son qoyduğu gün gəlib çatdı. Onun Heydər Əliyevin 100 illiyinin qeyd edildiyi vaxtda baş verməsi xüsusilə əlamətdardır. Öz atasının layiqli davamçısı olan Prezident İlham Əliyev Ümummilli Liderin vəsiyyətini yerinə yetirdi və bu gün Azərbaycanın Üçrəngli Bayrağı Böyük Zəfər nəticəsində azad edilmiş bütün Azərbaycan torpaqlarında qürurla dalğalanır”.

Səfirin sözlərinə görə, ölkəmizin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlişi hazırda Azərbaycan xalqının milli ideyasının mühüm tərkib hissəsidir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə azad edilmiş ərazilərin hamısında genişmiqyaslı tikinti-bərpa işləri aparılır.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxışında qeyd edib ki, Rusiyada Heydər Əliyevin xatirəsini böyük səmimiyyət və ehtiramla yad edirlər. O bildirib: “Heydər Əlirza oğlunun şəxsiyyətinin miqyasını onun SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini vəzifəsində yerinə yetirdiyi vəzifələrin geniş tərkibi göstərir. Həmin vaxt onun nəzarəti altında 12 nazirlik var idi, Heydər Əliyev, həmçinin maşınqayırma, ticarət, nəqliyyatın bütün növləri və rabitə, o cümlədən ən iri ümumittifaq infrastruktur layihəsi olan Baykal-Amur magistralı, mədəniyyət, təhsil, səhiyyə, yüngül sənaye kimi həyati əhəmiyyət kəsb edən sahələrə kuratorluq edirdi. Bütün bu strateji mühüm sahələrin kuratoru Heydər Əlirza oğlu idi və hamımız bilirik ki, həmin sahələrdə milyonlarla sovet insanları çalışırdı”.

Diplomat vurğulayıb ki, Heydər Əliyev daim Rusiyanın böyük və səmimi dostu, Rusiya-Azərbaycan münasibətlərinin ardıcıl inkişafının tərəfdarı olub. O əlavə edib: “Biz Rusiyada Heydər Əliyevin xatirəsini daim qəlbimizdə və Rusiya-Azərbaycan müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə fəaliyyətimizdə yaşadacağıq. Heydər Əliyevin simvolu olduğu bu münasibətlər çoxəsrlik ənənələrə və ortaq tarixə əsaslanır. O, ölkələrimiz və xalqlarımız üçün böyük birləşdirici rol oynayıb”.

Tədbirdə TASS informasiya agentliyi baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın lentə aldığı “Liderin ürəyi” sənədli filmi nümayiş etdirilib.

Filmin ərsəyə gəlməsindən bəhs edən Mixail Qusman qeyd edib: “Biz dahi insan haqqında olan bu filmi böyük sevgi ilə yaratdıq. Həmin vaxtlar Azərbaycanda yaşamış və mənim yaşıdlarım olan insanlar üçün bizim nəslin formalaşmasında Heydər Əlirza oğlunun obrazı, onun liderliyi çox mühüm idi, çünki bizim sosial cəhətdən təşəkkül tapmağımız onun vaxtında baş verib”.

M.Qusman sonra tədbirdə iştirak edən Azərbaycanın Xalq artisti, Rusiyanın Böyük Teatrının solisti Elçin Əzizovdan filmdə səslənən mahnını ifa etməsini xahiş edib. Polad Bülbüloğlu royalın arxasına keçib, iştirakçılarının gurultulu alqışları altında “Liderin ürəyi” mahnısı səslənib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva











Sosial həyat