Şəhidlər ölməz...

post-img

Azərbaycanın elə bir şəhəri, kəndi tapılmaz ki, orada şəhid məzarları olmasın. Düşmənə qarşı mərdliklə vuruşan, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan hər bir igid döyüşçümüzün xatirəsi bizə əzizdir. Vətənpərvərlik ruhu və duyğusu qəhrəmanlarla  birlikdə ölmür, əbədi yaşayır. Axı şəhidlər ölməz... Ona görə müharibə mövzusunda yazan hər bir şəxsin ən əsas borcu şəhidlərin ruhunu həmişə öz yazıları ilə şad etməkdir.

Kapitan Füzuli Əliyev...

Füzuli Əliyev 1985-ci il yanvarın 27-də Bakıda anadan olub. Özünü, həyatı dərk etdiyi andan bəri, Vətən, hərbi sevgisi ilə böyüyüb, boya-başa çatıb. Bu sevgi onun 8-ci sinifdə Cəmşid Naxçivanski adına hərbi liseyi seçməsinə səbəb olub. Beləliklə, Füzuli, artıq hərbçi olmaq yolunda ilk adddımını elə 14 yaşında atır. 

2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. Ali hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə hərbi fəaliyyətinə başlayıb. Uzun müddət Murov dağında xidmət edib. Daha sonra "N" saylı hərbi hissənin "Həmlə" Taborunun Qərargah Rəisi olaraq xidmətini davam etdirib.

27 sentyabr...

Bəli, Fizuli Azərbaycan Ordusunun kapitanı idi. Bu səbəbdən onun Vətənə olan sevgisi birə beş artmışdı. Ancaq o, nə az, nə çox – 35 il həyat sürdü. Ömrünü Vətənə həsr edən Fizulinin elə həyatı da Vətən yolunda başa çatdı... 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində o da iştirak etmişdi. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan Fizuli Əliyev 2020-ci il oktyabrın 8-də Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olub.  II Şəhidlər Xiyabanındə dəfn olunan Fizulinin şəhid olma xəbərini ailəsi günlər sonra xəbər tutub. Bu gün isə onun torpağa tapşırılmasından 3 il ötür...

Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən kapitan Fizuli Əliyev "Vətən uğrunda” medalı ilə, 15.12.2020-ci il tarixli Sərəncama əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə, 24.06.2021-ci il tarixli Sərəncama əsasən isə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirik!

Şahanə XANKİŞİYEVA

XQ

Sosial həyat