Gənc oftalmoloqların konfransı və forumu

post-img

Milli Oftalmologiya Mərkəzində gənc oftalmoloqların akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş XV Konfransı və I Forumu keçirilib. Azərbaycan Oftalmoloqlar Cəmiyyəti (AOC) Gənc Oftalmoloqlar Komitəsinin təşkil etdiyi tədbir 2 gün davam edib. 

Konfransın açılışında çıxış edən komitənin koordinato­ru Emin Əlihüseynli bildirib ki, ölkəmizdə Gənc Oftalmoloqlar Konfransı 2006-cı ildən hər il təşkil edilir. İllər öncə həmin elmi məclislərdə məruzələr­lə çıxış edən gənclər bu gün püxtələşmiş mütəxəssislər kimi fəaliyyət göstərir, beynəlxalq tədbirlərdə Azərbaycan oftal­mologiyasını layiqincə təmsil edirlər. 

Gənc Oftalmoloqlar Komitə­sinin sədri, tibb üzrə fəlsəfə doktoru Mirana Mirişova qeyd edib ki, “Gənc oftalmoloqların dostu” fəxri adı ildə bir dəfə ölkəmizdə gənc oftalmoloqla­rın inkişafına xüsusi diqqət və dəstək göstərən şəxsə təqdim edilir. Bu dəfə həmin fəxri ada AOC-nin sədri, professor Elmar Qasımov layiq görülüb. Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bu qərara münasibət bildirərək deyib ki, AOC-ın səd­ri, akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qa­sımov gənc oftalmoloqların peşəkar inkişafına daim dəstək verir, onların dünya standartla­rına cavab verə bilən mütəxəs­sislər kimi formalaşması üçün şəraitin yaradılmasını daim diqqət mərkəzində saxlayır. Gənc Oftalmoloqlarının I Foru­mu da AOC-nin sədrinin dəstəyi ilə təşkil edilib.

Sonra fəxri mükafat profes­sor Elmar Qasımova təqdim edilib.

Gənc mütəxəssislər buynuz qişa, katarakta və refraksion cərrahiyyə, okuloplastika, okul­yar travmatologiya, okulyar on­kologiya, neyrooftalmologiya, tibbi və cərrahi retina, pediatrik oftalmologiya və çəpgözlük, optika və refraksiya, okulyar infeksiyalar, həmçinin uveitlər mövzusunda özündə elmi ye­nilikləri ehtiva edən mövzularda məruzələr ediblər. Tədbirdə bu sahəni yeni öyrənən həkim-re­zidentlər – Nuranə Ələkbərova, Cəmilə Qasımova, Gülxanım Şahmuradova, Samir Manafov, Səbinə Quliyeva, Pakizə Meh­ralıyeva, Ayan Qəlbinur, Şəhla Musalı, Xatirə Veysəllinin çıxış­ları da dinlənilib. 

Türkiyə, Rusiya, İtaliya, San Marino, Hindistan və Honq-Konq mütəxəssisləri məclisə onlayn qoşulublar. 

Konfransın ardınca keçirilən Azərbaycan Gənc Oftalmoloq­larının I Forumunda bildirilib ki, ilk dəfə belə formatda təş­kil edilən mərasimin məqsədi gənc mütəxəssislərin qarşılaş­dığı problemləri birlikdə din­ləmək, praktik oftalmologiyada kövrək addımlarını atan gənc oftalmoloqlarla təcrübəli alim və həkimlərin fikir mübadiləsinə şərait yaradılmasıdır.

“Gənc oftalmoloqların pro­fessional inkişafında perspek­tivlər, beynəlxalq resurslar, problemlər və onların həll yol­larının axtarışı” mövzusunda 3 saat davam edən forumda gənc oftalmoloqların diqqətini cəlb edən müxtəlif mövzuların mü­zakirəsi doktor Emin Əlihüsey­nlinin moderatorluğu ilə həyata keçirilib. Bundan başqa, həkim­lər İnarə Hacı, Pərvin Ağayeva, Lalə Məmmədova, Xuraman Ramazanova və Emin Ərəbov müxtəlif mövzularda məruzələr ediblər.

Z.HÜSEYNOVA
XQ

Sosial həyat