Naxçıvanda Qərbi Azərbaycana Qayıdış aksiyası

post-img

Naxçıvanda keçirilən“Qərbi Azərbaycana qayıdışa gedən yol” festival-konqresinin ikinci günü mövzu ilə bağlı məruzələr dinlənildi, sənədli filmlər nümayiş olundu. İştirakçılar Ordubad və Kəngərli rayonlarında məskunlaşmış Qərbi azərbaycanlılarla görüşüb qaçqın soydaşlarımızla doğma yurda qayıdışa hazırlıqla bağlı söhbətlər apardılar. 

Festival-konqres çərçivəsində Nax­çıvan Dövlət Universitetində müxtəlif bölmələrdə “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar”, “Qərbi Azərbay­canın mədəni sərvətləri”, “Qərbi Azər­baycan dil faktları və toponimikası” və “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri” mövzularında məruzələr din­lənildi, geniş müzakirələr aparıldı. 

Naxçıvan şəhərindəki “Gənclik” mərkəzində isə Müasir yaradıcılığa dəstək” İctimai Birliyinin hazırladığı “Yada daşı” sənədli filmi nümayiş olun­du. Qonaqlarla yanaşı, Qərbi Azər­baycan icmasının üzvləri, müəllim və tələbələr qədim türk torpağı olan Zəngə­zurda dağıdılmış tarixi abidələrimizdən və vətənsiz qalmış soydaşlarımızın acı taleyindən bəhs edən ekran əsərinə ma­raqla baxdılar, fikir mübadiləsi apardılar. 

“Gənclik” mərkəzində nümayiş etdi­rilən ikinci film isə “Nəsil ağacı” adlanır. Bir neçə ailənin faciəli taleyinin timsa­lında hazırlanan videolent Qərbi Azər­baycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və soy­daşlarımızın bu yerlərdən deportasiyası üzərində qurulub. İştirakçılar bu filmi də böyük maraqla izləyib yüksək qiymət­ləndirdilər.

Festival-konqresin qonaqları Or­dubad rayonuna səfər çərçivəsində rayonun Parağa kəndində yaşayan qərbi azərbaycanlılarla görüşdülər. Sər­gilənən Qərbi Azərbaycana məxsus folklor nümunələri, mədəniyyət və mət­bəx nümunələri iştirakçılarda köçkün soydaşlarımızın yurd sevgiləri və Vətən həsrətləri barədə geniş təsəvvür yarat­dı. Konsert proqramı görüşə yüksək vətənpərvərlik əhvalı gətirdi.

Festival-konqresin iştirakçıları Kən­gərli rayonunun Çalxanqala kəndində deportasiyaya məruz qalmış soydaşla­rımızla da sıx təmasda oldular, onlara tezliklə doğma yerlərə dönmələrini arzu etdilər. Çalxanqala kənd mərkəzində qərbi azərbaycanlılara məxsus müxtəlif məişət əşyaları, mətbəx nümunələrin­dən ibarət sərgi hamını dərindən təsir­ləndirdi, zəngin etnoqrafik mədəniyyəti­mizlə bağlı yüksək təəssürat yaratdı.

Görüşdə Kəngərli Rayon İcra Ha­kimiyyətinin başçısı Kamal Ələkbərov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin depu­tatı Əziz Ələkbərli, Qərbi Azərbay­can İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova və digər çıxış edənlər doğ­ma torpaqlarından deportasiya olunan soydaşlarımızın tezliklə öz yurdlarına qayıdacaqlarına əminlik ifadə etdilər, Naxçıvanda keçirilən festival-konqresin və müxtəlif görüşlərin Qayıdış missiya­sına önəmli dəstək olduğunu söylədilər. 

Qaçqın aşıqların saz ifaları və müxtəlif musiqi nömrələri yurd həsrəti­nin ağrı-acısını hamıya dərindən duy­durdu.

Bununla da qədim Naxçıvanda keçi­rilən festival-konqres yaddaşlarda dərin iz buraxaraq sona yetdi.

 

Tahir AYDINOĞLU,
Səbuhi HƏSƏNOV
XQ

Naxçıvan – Bakı









Sosial həyat