Vətəndaşın mülkiyyəti özünə qaytarılır...

post-img

Ölkəmizdə həyata keçirilən daşınmaz əmlak və torpaq islahatlarının əsas tərkib hissəsi kimi, mülkiyyət hüquqlarının tanınması, toxunulmazlığı və qorunması da prioritet məsələlərdən biridir. Respublikamızın qanunvericilik aktlarında, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə öz əksini tapan vətəndaşların bu sahədəki qanuni mənafelərinin müdafiəsi, hüquqları barədə maariflənidrmə olduqca vacibdir. Günümüzdə aktuallıq kəsb edən bu məsələ ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri İsa Allahverdiyevlə həmsöhbət olduq.

– İsa müəllim, istərdik ki, söhbə­timizin əvvəlində daşınmaz əmlaka münasibətdə vətəndaşların mülkiyyət hüquqlarının tanınması və toxunul­mazlığı barədə məlumat verəsiniz.

– Daşınmaz əmlaka münasibətdə mülkiyyət hüququnun əldə edilməsi, iti­rilməsi və pozulması halları Azərbaycan Respublikasının Konstitusiyasında, di­gər normativ hüquqi aktlarda, eləcə də ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə öz əksini tapıb. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barə­sində sərəncam vermək hüquqlarından ibarətdir. 

Konstitusiyamızın 13-cü maddəsində göstərildiyi kimi, Azərbaycan Respublika­sında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin 3 növü (dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti) mövcuddur. Eyni zamanda, Konstitusiyanın 29-cu maddə­sinin tələblərinə əsasən, heç kəs məh­kəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz və dövlət ehtiyac­ları üçün mülkiyyətin özgəninkiləşdirilmə­sinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 

– Vətəndaşlar mülkiyyətlərinin dövlət qeydiyyatına alınması üçün nə etməlidirlər? 

– Mülki Məcəllənin 139-cu maddə­sinə əsasən, mülkiyyət hüququ və daşın­maz əmlaka digər hüquqlar, bu hüquq­ların məhdudlaşdırılması, yaranması, başqasına keçməsi və xitamı dövlət qey­diyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Naxçıvan­da Muxtar Respublikanın Daşınmaz Əm­lak və Torpaq Məsələləri üzrə Dövlət Xid­məti) qanunvericiliklə müəyyənləşdirilən qaydada tərtib edilən daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qeyd olunan hüquqların dövlət qeydiyyatı üçün vətəndaşlar tələb olunan sənədlərlə bir­gə həmin orqana müraciət yolu ilə təyin edilən rüsumlarını ödəməklə mülkiyyət hüquqlarını təsdiqləyən sənədləri əldə edə bilərlər. 

– Bəs yerli icra hakimiyyətlərinin vətəndaşların mülkiyyət hüquqlarını təmin etməsi və bununla bağlı müra­ciətləri qeydə alması hansı formada tənzimlənir? 

– Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Prezidenti­nin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiqlənən “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və digər nor­mativ-hüquqi aktların tələbləri əsasın­da mülkiyyətin qorunmasını, mülkiyyət hüququnun pozulmasının qarşısının alınmasını, həmçinin vətəndaşların mül­kiyyət hüquqlarını təsdiqləyən sənədləri əldə etmək üçün əsas verən inzibati akt­ların (müvafiq sərəncamlar, əmrlər və s.) qəbul olunmasını gerçəkləşdirir və döv­lət mülkiyyətində olan torpaq ehtiyatların­dan səmərəli istifadə məqsədilə müvafiq tədbirlər görürlər. Vətəndaş müraciətlə­rinin təmin edilməsi isə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Res­publikasının qanununa uyğun formada həyata keçirilir. 

– Vətəndaşların mülkiyyət hüquq­larının pozulmasının qarşısının alın­ması ilə bağlı fəaliyyətiniz necə ger­çəkləşir? 

– Naxçıvan Şəhər İcra Hakimiyyətində son dövrlərdə müxtəlif hüquq pozuntuları ilə bağlı vətəndaş müraciətləri artıb. Qeyd olunan müraciətlərin əksəriyyəti mülkiyyət hüquqları pozulmuş vətəndaşlarla bağlı­dır və onların bir çoxunun işi aidiyyəti üzrə məhkəmə qaydasında həllini tapır. Mül­kiyyət hüququ pozulmuş vətəndaşlar əv­vəlcə tələb olunan sənədlər əsasında icra hakimiyyətində qeydiyyata alınır və daha sonra məhkəməyə müraciət etmələri ilə bağlı onlara ətraflı məlumat verilir. 

Təəssüf ki, hazırda mülkiyyət hüquq­larının pozulması ilə bağlı şəhər icra ha­kimiyyətinə qarşı iddia tələbi irəli sürmüş vətəndaşların daşınmaz əmlak obyektləri, təximnən, 2003–2015-ci illərdə qeyri-qa­nuni formada, məhkəmə qərarı olmadan sökülmüş və onlara qarşılığında hər han­sısa kompensasiya ödənilməmişdir. 

Sevindirici haldır ki, qeyd olunan məsələ ilə bağlı vətəndaşların pozul­muş hüquqlarının bərpası və onlara dəymiş ziyanın qarşılanması üçün Nax­çıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 17 avqust 2023-cü il tarixli sərəncama əsasən, qurumun öz vəsaiti hesabına şəhərin müvafiq ərazilərindən həmin vətəndaşlara yaşayış və qeyri-yaşayış sahələri üçün torpaqlar ayrılıb. Əlavə olaraq qeyd etmək istərdim ki, son 3 ay ərzində Naxçıvan Şəhər İcra Hakimiyyə­tinə mülkiyyət hüququ pozulmuş vətən­daşlar tərəfindən 470 ərizə daxil olub, onlardan 255-i aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəmə­sinə göndərilib. Həmin vətəndaşdan 156 nəfəri Naxçıvan Şəhər İcra Hakimiyyəti­nin təklif etdiyi torpaq sahəsi ilə razılaşıb və onlardan 133 nəfərin hüquqları dövlət qeydiyyatına alınması üçün muxtar res­publikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçı­van Şəhər İdarəsinə göndərilib. 

Daxil olan məhkəmə işlərinin 81-nə müvafiq məhkəmə tərəfindən rəsmi qay­dada xitam verilib. Bu, o deməkdir ki, mülkiyyət hüquqları pozulan vətəndaşlar tərəfindən daxil olan müarciətlərin, təx­minən, 75 faizi öz həllini tapıb və digər məhkəmə prosesi davam edən vətən­daşlarla isə məsələlərin müsbət həlli üçün danışıqlar aparılır. Bununla paralel olaraq, vətəndaşların pozulan hüquqla­rının bərpasına dair hüquqi maarifçilik işlərinin artırılması, eyni zamanda, on­lara dolğun, düzgün və qanunvericiliyin tələblərinə uyğun məlumatların verilməsi ilə əlaqədar icra hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilir. 

 

Söhbəti apardılar:
Mirbağır YAQUBZADƏ,
Səbuhi HƏSƏNOV
XQ

Bakı–Naxçıvan–Bakı



Sosial həyat