Lənkəranda Zəfər bayramı

post-img

Ötən günlər "cənub mirvarisi" adlanan Lənkəranın sakinləri  “Zəfər Günü”nü silsilə tərbirlərlə qeyd ediblər.

Səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları, yerli icra aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin çoxsaylı nümayəndələri Şəhidlər Xatirə Abidə-Kompleksini və xiyabanda dəfn olunmuş şəhidlərin məzarını ziyarət edib və üzərinə tər çiçəklər düzüb. Taleh Qaraşov şəhid ailələrin üzvləri və yerli ictimaiyyətin nümayəndələri ilə söhbət edib, hər birini bayram münasibətilə təbrik edib, dövlətimizin günü-gündən qüdrətləndiyini, xalqımızın hər zaman qələbəyə laiq olduğunu vurğulayıb. Şəhid ailələrin üzvləri və yerli ictimaiyyətin nümayəndələri də sevinclərini paylaşıblar. Qazanılan Zəfərə görə şəhidlərimizə, ordumuza minnətdar olduqlarını və “Dəmir Yumruq” sayəsində əzəli və əbədi torpaqlarımıza yenidən qayıtdığımızı vurğulayıblar. Şəhid ailələri dövlətin hər zaman onların yanında olduqlarını bildiriblər, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonra tədbir iştirakçıları şəhərin mərkəzi küçəsi olan Qala Xiyabanı küçəsində “Zəfər Günü”nə həsr olunan rəsm sərgisini ziyarət ediblər.

Daha sonra Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 Günü” adlı tamaşa nümayiş olunub. Vətən müharibəsində ayyarım ərzində qazanılmış böyük Zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu tamaşada Birinci və İkinci Qarabağ müharibələrində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.

Qeyd edək ki, “Zəfər Günü” ilə bağlı Lənkəranda gənclər və yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə idman yarışları, müsabiqələr, sərgilər, flaşmoblar  keçirilib. “Yaddaş saatı” aksiyası çərçivəsində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ziyarət olunub.

Zəfər Günü ilə bağlı silsilə tədbirlərin davamı olaraq axşam saatlarında Heydər Əliyev Xatirə Parkında açıq havada tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təşkil olunub, sonda atəşfəşanlıq keçirilib.

Əli NƏCƏFXANLI,
XQ









Sosial həyat