Fərqanədə Azərbaycanın sənət inciləri

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ölkəmizin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Fərqanə vilayətinin Kokand şəhərindəkı Beynəlxalq Sənətkarlıq Muzeyində milli stendimiz yaradılır. 

Stenddə qədim tariximiz, zəngin mədəniyyə­timiz, sənətkarlarımızın əl işləri, digər eksponat­ların nümayişi nəzərdə tutulub.

Xatırladırıq ki, bu haqda razılıq sentyabr ayın­da muzeyin rəhbərliyi ilə danışıqlarda əldə olunub. 

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən stenddə nümayiş etdirilmək üçün Azərbaycan xalçası, xalqımıza məxsus ən qədim tikmə növü olan təkəlduz, ipəkdən hazırlanmış qadın baş geyimi – kəlağayılar, ağac üzərində oyma ilə ha­zırlanan, İçərişəhərin və Şuşa qalasının görün­tülərini əks etdirən tablolar, Azərbaycan bayrağı­nın əks olunduğu xəritə, milli musiqi alətlərimizin maketləri, milli geyimdə kuklalar, milli naxışlarla bəzədilən armudu stəkanlar, xüsusi dizayn ilə misdən hazırlanmış qədim çırağın maketi hədiy­yə olunub. 

Bundan başqa, Azərbaycan milli rəqsləri, xalq oyunu olan pəhləvanlıq sənəti, Molla Nəsrəddin haqqında bilgilər, xalça toxuyan Azərbaycan qa­dınları, muğam ifa edən üçlüyü əks etdirən ağac və plastikdən hazırlanan maketlər də əvəzsiz olaraq muzeyə verilib. 

Yaxın zamanlarda muzeydə Azərbaycan stendinin açılışı nəzərdə tutulub.

 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Kokand

Sosial həyat