Azərbaycan Fotoqrafiya Federasiyası yaradılıb

post-img

Dünyanın müxtəlif ölkələrində fotoqrafiyanın inkişafına töhfə verən, foto sahəsi üzrə həmin ölkələri təmsil edən qeyri-hökumət təşkilatları olan federasiyalar, assosiasiyalar, cəmiyyətlər fəaliyyət göstərir. Xarici fotoqrafiya təşkilatlarının tarixinə, strategiyasına və təcrübəsinə əsaslanaraq Azərbaycanda da statuslu fotoqrafiya təşkilatının yaradılmasına ehtiyac duyulurdu. Bu səbəbdən “Azərbaycan Fotoqrafiya Federasiyası” İctimai Birliyi adlı yeni təşkilat yaradılıb. Beləliklə də, bu il 162 illiyinin qeyd edən Azərbaycan fotoqrafiya tarixində yeni səhifə açılıb.

Təşkilat 2022-ci il dekabrın 1-də təsis edilib və Nizamnaməsi qəbul olunub. Hazırda Birliyin sənədləri dövlət qeydiyyatına alınması məqsədilə Ədliyyə Nazirliyinə təqdim edilib.

Məqsəd ölkədə fotoqrafiya sahəsi üzrə fəaliyyət göstərən bütün təşkilatları bir çətir altında birləşdirmək, fotoqrafiya sənətinin inkişafına və təkmilləşdirilməsi işinə kömək etmək, bu sahəyə diqqətin artırılması istiqamətində işlər görmək, müxtəlif proqramlar hazırlamaq, hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatlarla əlaqələr qurmaqdır. Bundan əlavə, fotoqrafların fərdi inkişafları üçün müxtəlif kurslar və seminarlar, yerli və beynəlxalq səviyyəli fotomüsabiqələr, fotosərgilər təşkil etmək, Azərbaycan fotosunu xaricdə təmsil etməkdir.

Birlik Nizamnaməsində qarşıya qoyulan hədəflərə çatmaq üçün bir sıra tədbirlər həyata keçirəcək. Belə ki, gələcəkdə Federasiyanın tərkibində foto sənətinin inkişafına xidmət edəcək fotoqrafiya məktəbinin, fotoqrafiya muzeyinin, fotoarxivin, fotokitabxananın və digər alttəşkilatların yaradırılması nəzərdə tutulur. Bu da öz növbəsində Azərbaycan mədəniyyətinin bir hissəsi olan fotoqrafiyanın inkişafına və ölkəmizdə geniş yayılmasına təkan verəcək. Həmçinin istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə dəstək vermək, foto sənəti üzrə təhsil almağa təşviq və bu istiqamətdə onlara yardım etmək, müxtəlif layihələr həyata keçirmək, sənədli filmlər hazırlamaq təşkilatın hədəf və vəzifələri arasındadır.

Qeyd edək ki, fotoqrafiya təşkilatının təsisçiləri tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyevdir. Fotoqraflar, eyni zamanda, “Gilavar Foto Klubu” İctimai Birliyinin təsisçiləridir.

Sosial həyat