Qoca, uca Ərzurum...

post-img

II Yazı

Ərzuruma bir xeyli yorğun çatsam da telofonda onun səsini eşidən kimi yorğunluğum da qaçdı. Oteldə yerləşdiyimi eşidəndə “evimiz, eşiyimiz yox idimi?”-sualı ilə səsinin tonundakı narazılığı hiss etsəm də, “...yaxşı dincəlin, sabahdan mənim sərəncamımdasınız”, - hökmü il həm özünü, həm də məni sakitləşdirdi. 

Azərbaycan sevdalı Əli Kafkasiyalı 

Şəhərin Ərzincan səmtində sakit bir məhəllədə yerləşən evində görüşürük, həyətdəki səliqə-səhman, hər şeyin yerli yerində olması göz oxşayır. Xeyli vaxtdır  xəstə olan həyat yoldaşı Raifə xanıma bizi  təqdim edir: dostlarımdı, Azərbaycandan  səni görməyə gəldilər... sanki Azərbaycan sözünü eşidən kimi Raifə xanımın üzünə qəribə bir təbbəsüm gəlir, danışa bilməsə də, zərif və nurlu çöhrəsindəki işığın nələr dediyini anlamaq bu gün də məchul anlamıyla gözlərim önündədir (Təəsüflər olsun ki, yazı çapa hazırlananda açı xəbərini aldıq, ruhun şad olsun Raifə xanım).

Bir-iki dəqiqəlik sükutdan sonra Əli bəy kövrək təqdimatına davam edir: ağır günlərin çox sınaqlarından çıxdıq, üç uşaq böyütdük. Qızımız həkimdir, Ankarada yaşayır. Oğlanlarım Məhəmməd Savaş Kafkasyalı və Yavuz Səlim mənim yolumun  davamçılarıdır, elmləri ilə türkçülüyün xidmətindədirlər. Savaş Strateji Strateji Düşüncə İnstitutunun rəhbəridir, Yavüz isə Qars Qafqaz Universitetində bölüm başqanıdır. İndi də belə, xanımın xəstəliyi...

Telofon zəngi ortadakı ağır abi-havanı qaldırır. Ərzurum Universitetindən keçmiş tələbəsi, indi bölüm müdiri olan professor Bahadır Gücüyetərdir, İrandan Ərzurum Böyükşəhər Bələdiyyəsinin dəvəti ilə şəhərə gəlmiş qonaqlarla universitetdə görüşün təşkili ilə bağlı Əli bəyin fikirlərini bilmək istəyir və sabah başlayacaq tədbirə dəvət alırıq.    

Əli Kafkasyalı Türk dünyasının, eləcə də Azərbaycanın elmi dairələrində yaxşı tanınan elm adamıdır. Qarsda doğulub. Ərzurumda yaşayan professor Azərbaycan əsillidir: atası Qazaxın II Şıxlı kəndindən olub. Babası Məmməd Baba Milli Ordunun sərhəd mühafizə dəstəsinin rəisi vəzifəsini tutub, XI Qırmızı Ordu ilə vuruşmada şəhid olub. Var-dövlətləri əllərindən alınmış şəhid ailəsi sovet rejiminin yaratdığı çıxılmaz vəziyyətlə bağlı məcburən Türkiyəyə köçüb.

Uzun illər Qars, Ərzurum, Rizə, Diyarbakır vilayətlərində müəllimlik edən, Türkiyə Təhsil Nazirliyində çalışan Əli bəy Ankara Universitetinin məzunudur. 6 il Fransada yaşamış və elmi tədqiqatlarını burada davam etdirmişdir. Sonralar Atatürk Üniversitetində, Qazaxıstanın Hoca Əhmət Yasəvi Beynəlxalq Türk–Qazax Üniversitetində çalışmış, Türkiyənin Giresun Üniversitetində  Türk Dili və Ədəbiyatı bölümünə rəhbərlik etmiş, ədəbiyat fakültəsinin dekanı olmuşdur. Əli bəyin fəaliyyətinin önəmli bir hissəsi də Azərbaycanla bağlı olmuşdur. Magisr və doktorluq təhsilni Bakı Dövlət Universitetində tamamlayan Əli bəy  “Mikayıl Azaflının həyat yolu və sənətkarlığı” (1994), “Aşıq Mikayıl Azaflının yaradıcılığı” (1996) mövzusunda magist və doktorluq işi müdafiə etmişdir. “Mikayıl Azaflının həyatı, sənəti və əsərləri” adlı monoqrafiyanın müəllifidir. 

Altı cildlik  "İran Türk antalogiyası"nın, "İran Türkləri, aşıq mühiti", "İran Türk aşıqları və milli kimlik", "İran Türkləri", "İran coğrafiyasında Türklər", "Sürgündə aşıq ənənəsi - Orta Asiyaya sürgün edilən Axıska-Axalkələk aşıq ənənəsi və aşıqlar", "Səməd Vurğun. Milli şairə dair" və başqa elmi araşdırma kitablarının müəllifidir. Son 20 ilin tədqiqatları olan bu monoqrafiyaların ümümi həcmi 6 min  səhifəyə çatır. Amma çoğrafiyanın nə qərər geniş olduğunu da görməkdəyik, bu həm də tarixi türk yurdlarının önəmli bir ərazisidir.

Əli müəllim elmi kitabları ilə yanaşı fars, rus, qazax, azərbaycan türkçəsinə çevrilmiş romanlar və hekayələrin də müəllifidir. Türk dünyasında, xüsusilə Azərbaycanda bolşevik işğalından sonrakı dövrdəki qacaq hərəkatının, milli azadlıq mücadiləsinin az öyrənilən tarixini bədii əsər kimi qələmə alınmış və oxuculara təqdim etmişdir. 

 Elmi kitab və araşdırmalarında olduğu kimi “Qartallar sınır tanımaz”, “Qafqaz qaçaqları” romanlarında da Əli bəy Böyük Türkün mərdlik və qəhrəmanlığının tarixini yazmaqla, həm də milli kimliyimizi bizlərə və gənc nəsillərə bir daha tanıdır. O gənc nəsilə ki, 44 günlük Qarabağ savaşı ilə türk tarixinin ən yeni Zəfər tarixini yazdı. 

Əslində bu hadisələrə şahidlik etdikcə görürsən ki, Əli bəyin özü də daha yaxından tanıdılmağa ehtiyac duyulan şəxs və milli dəyərdir. Oğul Savaş Kafkasiyalı ata Əli Kafkasiyalının "Səməd Vurğun. Milli şairə dair" kitabına yazdığı təqdimatda yazdığı kimi “Bir bilən anlatmış Səməd Vurğunu bu əsərdə. Bildiyini, elədiyini, qeyrətini, fəda etdiyini, fədakarlığını, qaranlığı və qara günlər yaşadığını bildiyimiz, şahidlik etdiyimiz, millətinə, millətinin dəyərlərinə, millətinin birliyinə və diriliyinə könül vermiş, elinə vurğun bir adam anlatmış Səməd Vurğunu...”. Bu həm də “atalar və oğullar” tarixi ziddiyətində “oğul atanı necə tanıyır və qəbul edir?” - sualının çavabıdır.Bu dəyərli təqdimatdan sonra isə “Atanı oğuldan, oğulu atadan yaxşı kim tanıyar ki?” ritorik sualın cavabını oxucularımızın öhdəsinə buraxmaq istərdim...

Bir daha Beynəlxalq Türk Dünyası Simpoziumu haqqında

Əli Kafkasiyalı keçən ilin oktyabırında Türkiyənin Ərzincan şəhərində keçirilən Beynəlxalq Türk Dünyası Simpoziumunun təşkilatçılarından olub. Bu tədbirin önəmini haqqında yenidən həmsöhbət oluruq.  Əli bəy deyir: 

- Türk dünyası Qarabağ zəfəri ilə canlandı. İndi dünyanın hər yerində bu birliyin inkişafı və uğurları geniş müzakirə mövzusudur. Həm ayrı-ayrı dövlət qurumları, həm qeyri-hökumət təşkilatları bu yöndə çoxsaylı tədbirlər keçirir, mövzunun aktuallığını gündəmdə saxlayırlar. Türkiyənin  sonuncu Baş naziri və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli İldırımın himayəsi ilə keçən ilin oktyabırında Türkiyənin Ərzincan şəhərində keçirilən  Beynəlxalq Türk Dünyası Simpoziumu bu sahədə yeni bir addım oldu. Türk Dünyası Simpoziumu beynəlxalq olsa da, tamamilə türkdilli bir simpozium olmuşdur. Bu xüsusiyyət bəlkə də ən əhəmiyyətlisidir. Onu da deyim ki, məqsədimiz millətçiliyi təbliğ etmək olmayıb. Məqsədimiz dünyada bir çox problemlərlə mübarizə aparan məzlum insanların ümid yeri, sığınacağı olan Türkiyəni və Türk Dünyasını gücləndirmək, dünyanın qlobal problemlərinin həllinə töhfə vermək üçün qardaş və qohum xalqlarla ortaqlıqlar qurmaqdır.

Beynəlxalq tədbirin sərhədləri, məzmunu və məqsədləri sıradan bir sempozium tədbiri deyil,  çox-çox böyük və müqəddəs məqsədlərə xidmət etmək amalı daşıdı. Sempoziumda ilk növbədə Türk Dünyasındakı problemlərin müəyyənləşdirilməsi, daha sonra isə həlli diqqət mərkəzində oldu. Başqa sözlə, daha təsirli və həll yolu tapılan ideyalara çatmaq əsas məqsəd oldu.  Bu yol dövlətlərimiz tərəfindən qurulub. Türk Dövlətləri Təşkilatı  3 oktyabr 2009-cu ildə Naxçıvan müqaviləsi   ilə  Azərbaycan,  Qazaxıstan, Qırğızıstan və  Türkiyə arasında qurulmuş beynəlxalq təşkilatdır. Özbəkistan 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv qəbul edilmişdir. 2018-ci ilin sonlarından bu yana Macarıstan və Türkmənistan birliyə müşahidəçi dövlət kimi daxil olması birliyin möhkəmlənməsində növbəti uğurlu addımdır.  

- Konfransın işinə bütün türk dünyasını cəlb etmişdiniz, bu böyük uğurdur...

 - Türkiyə, Şimalı Kipr, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Başqırdıstan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, İran, Polşa, Macarıstan, İraq, Makedoniya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina, Almaniya, ABŞ, Cənubi Koreya, Yaponiya Monqolustan, Çexiya, Rusiya - Tatarıstan, Xakasya, Qaqauziya, Tiva, Altay, Saxa (Yakutiya) kimi ölkələrdən nümayəndələr tədbirin iştirakçısı oldular. Ümumilikdə min nəfərə qədər elm adamı, siyasətçinin  iştirakı qeydə alındı. Layihə proqramı və məqsədləri baxımından hər hansı bir fəaliyyətin təqlidi və ya davamı olmadı, etik dəyərlərə bağlı, orijinal düşüncələri ehtiva edən ciddi bir layihə oldu. Məqsədi Türk Dünyasına fayda verməkdir. Onu da xüsusi vurğulamalıyam ki, simpoziumun məqsədlərinin həyata keçirilməsi Türk millətinin gücü və iradəsi daxilindədir.

 -  Azərbaycanın tədbirdə iştırakı da yüksək dəyərləndirildi...

- Azərbaycandan dəvət olunan iştirakçıların sayı qazax, özbək və türk alimlərindən çox deyildi. Beynəlxalq Türk Dünyası Simpoziumunun ruhuna uyğun olaraq türkologiyanın bütün sahələrində fərqlənmiş dövlət xadimləri, millət vəkilləri, dünya şöhrətli və türk dünyasının  kifayət qədər geniş tanıdığı elm adamları dəvət olunmuşdu. Türkiyə üçün təbii ki, bütün türk xalqları, türk tayfaları və türk dövlətləri əziz və doğmadır. Lakin bir həqiqət var ki, Azərbaycan alimləri bir çox sahələrdə olduğu kimi türkologiya sahəsində də yüksək və zəngin təcrübəyə malikdirlər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin türkoloji fəaliyyəti, bolşevik inqilabından sonra da Azərbaycan ziyalıları və alimləri ciddi təqiblərlə üzləşsələr də türkologiya elminə böyük töhfələr verdilər. 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayı keçirildi və bu gün də əhəmiyyətini itirməyən çox mühüm qərarlar qəbul edildi.

 Unutmamalıyıq ki, latın əlifbasına keçməsi barədə qərar da o vaxt Bakı konqresində qəbul edilib. Türkiyə Azərbaycandan iki il sonra Latın əlifbasından istifadə etməyə başlayıb. Sonrakı illərdə sovet quruluşunun amansız və şiddətli repressiyalarına baxmayaraq, türkologiya sahəsində Azərbaycanlı alimlər böyük tədqiqatlar aparmağa nail oldular. Bu simpozium da Azərbaycan nümayəndələrinin təcürbələrindən maksimum faydalandı. 

Bu gün ağır günlər yaşayan bəşəriyyət böyük bir təlaş içindədir. İnsanlar ziyalılardan, alimlərdən bu qorxunun qarşısının alınmasını ümidlə gözləyirlər. Belə bir durumda  Türkiyə həm strateji və sabit mövqeyi ilə, həm də prinsipial və etibarlı mövqeyi ilə bəşəriyyətin ümid qapısı kimi görünür. Bu durumda  Türkiyə tarixin verdiyi mühüm missiyanı  uğurla yerinə yetirməlidir. Bütün gücünü, qudrətini  səfərbər etməlidir. Bunun yolu da Türk Dövlət və toplularının “Dildə, fikirdə, işdə birlik” amalından keçir. Dil birliyi olmadan düşüncə birliyi, düşüncə birliyi olmadan da iş birliyi qurmaq  mümkün deyildir. 

- Azərbaycandan söhbət düşmüşkən, Səməd Vurğunu Türkiyədə yenidən tanıtdınız...

- Türkiyənin “Bəngü” nəşriyyatı  “Səməd Vürğun: bir milli şairə dair” adlı 490 səhifəlik əsərimi nəşr etdi. Fürsətdən istifadə edib həm bu, həm də başqa əsərlərimin Azərbaycan türkcəsində təqdimatına gorə həmkarlarım və dostlarım, yazıçı-publisistlər Məti Osmanoğluna və İsmayıl Umudluya təşəkkürlərimi çatdırıram. Əsər “Azərbaycan ədəbiyyatı tariхində “sоvеt еpохası” dövrünün böyük pоеziya nümunələrini yaradan  Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunub. Mənim Səməd Vürğuna böyük sevgim olub. Əsərdə böyük Azərbaycan şairi  təkrarsız pоеtik şəхsiyyət, ictimai хadim, еlm və sənət təşkilatçısı, dramaturq, mütərcim və mütəfəkkir kimi təqdim edilir. Böyük şairin gəncliyi ölüm və qanlı əzablar içində çırpınan ölkənin ilk gəncliyi ilə еyni tariхi dövrə təsadüf еdir. Səməd Vurğun sоvеt şairi idi və sənətkarlıq хüsusiyyətlərinə görə, Azərbaycanda ilk sоvеt pоеziyası məktəbi də “Səməd Vurğun məktəbi” kimi fоrmalaşmışdı. Amma Səməd Vurğunun möhtəşəm  yaradıcılığının və şəxsiyyətinin üstündən “sоvеt şairidir” dеyə keçə bilməzdim. Səməd Vurğun dünya miqyaslı bir şairdir, mən  onu yüksək  idealları ilə bəşərin fövqündə duran, bütün yer kürəsinə sığmayan vətənpərvər,  yaradıcı şəxsiyyət kimi görürəm. Kitabda Səməd Vurğunun seçmə şerləri, poema və məqalələri də türkcəyə çevrilərək təqdim olunmuşdur. Monoqrafiyada Vurğunun şəxsiyyətini, ali insanlıq meyarlarını, ana dilimizin formalaşmasında, zənginləşməsində xidmətlərini, azərbaycançılıq məfkurəsini birləşdirərək bütöv Səməd Vurğun obrazı yaratmağa çalışdım, ümid edirəm ki, alınıb...

- Eşitdik Nazim Hikmətin həyat və yaradıçılığı ilə bağlı yeni kitabınız da nəşrə hazırdır.

 - Ən yaxın günlərdə nəşrə təqdim etmək fikrindəyəm. Kimin nə deyib-deməməyindən asılı olmayaraq Nazim Hikmət taleyini millətindən, vətənindən və bayrağından bir an belə ayırmayan şəxsiyyət olub. Mənim üçün Türk Dünyasının tərəqqisi naminə bütün varlığı ilə çalışan hər bir insan doğmadır. Nazimin həyat və yaradıçılığı ilə bağlı hazırladığım kitabda da bu amalı üstün tutmuşam.

Son söz yerinə

Türk dünyasının ictimai-siyasi fikir tarixində xüsusi yeri olan şəxsiyyətlər haqqında həmişə yazılıb və yazılmaqdadır. Nə yaxşı ki onlar saysız hesabsızdırlar.  Haqqında yazılanlar böyük dəyərlər olduğu kimi, əslində yazanlar da bu dəyərlərdəndir. Min illər əvvəl olduğu kimi Türk dünyası məhz bu cür insanların sayəsində özlərinin qədim və yeni həqiqətlərini tanıtdılar. İndi bu ənənə yeni çağrışlar üzərində davam edir və Sovetlər Birliyinin süqutundan sonra, artıq 30 ildən çoxdur ki, həyatın bütün sahələrində əməkdaşlıq imkanları vüsət alır. İndi də tarixin sınaq məqamlarında təkcə öz müqəddəratlarının həlli yolunda yox, həm də bütün regionda sabitliyin və əmin-amanlığın təminatında xüsusi rolu olan yeni qüdrətli birlik qururlar. Bu sırada Böyük Türk Dünyasının əzəzsiz və yorulmaz tədqiqatçılarından olan professor Əli Kafkasiyalının da xüsusi xidmətləri və yeri var. Uğurlu, xeyirli olsun deyirik və yazdıqlarının həm əhatə dairəsinə, həm siyasi çəkisinə görə bu günümüz və  gələcək nəsillər üçün dəyərli bir ərməğan, türk birliyi tariximizin yeni səhifəsi olacağına inanırıq. Son olaraqsa, Əli Kafkasiyalının kitablarından birinə manşet seçdiyi sözlərlə fikirlərlərimi tamamlamaq yerinə düşür: qəhrəmanların dastanları yazılmasa, xalq satqınların yalanlarını oxuyar...

Namiq Əhmədov, XQ

Bakı-Ərzurum-Bakı

 

 





Sosial həyat