“Xalq qəzeti” bu sayından məşhur şair və ədiblərimizin həyatında baş verən bəzi maraqlı əhvalatları oxuculara təqdim etməyə başlayır. İlk ilk nümunələr böyük yazıçımız Cəlil Məmmədquluzadənin həyatından götürülüb.
Cəlil Məmmədquluzadə bir gün Tiflisdə yolla gedirmiş, bir nəfər cavan oğlan arxadan yaxınlaşıb onun cibinə girir və əlyazmalarını çıxarır.
Bu hadisəni, demə, polis görürmüş. O, gənci dərhal yaxalayır.
Mirzə Cəlilin oğlana yazığı gəlir, yaxınlaşıb polisin yanında ərklə ona deyir:
– Mən sənə deməmişəmmi, tələsmə, jurnalda çıxar, oxuyarsan! – deyərək kağızları cavan oğlandan alır.
Polis gəncin “Molla Nəsrəddin”in redaktorunu tanıdığını yəqin edir və onu buraxır. Üstəlik, yazıçıdan da üzr istəyir.
Təqdim etdi:
M.HACIXANLI
XQ