Komitə sədri: Bu ildən şəhid xanımlarının təhsilinə dəstək layihəsinə start verilib

post-img

Bu il Azərbaycan xalqının böyük xeyriyyəçisi, maarifpərvər Hacı Zeynalabdın Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılmış Bakı Qızlar Məktəbinin yaranmasının 120 ili tamam olur. “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023” layihəsinin təqdimatı hər il oktyabrın 11-də qeyd olunan Beynəlxalq Qızlar Gününə təsadüf edir.

Bu sözləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri bildirib ki, layihə çərçivəsində həm paytaxt, həm də regionlardan 500-dən çox bal toplayan və həssas qrupdan olan qızlar müəyyən edilib. Sonra maliyyə dəstəyi üçün iş adamlarına, sahibkarlara müraciət olunub. Ötən müddət ərzində müəyyən nailiyyətlər əldə edilib. Layihə çərçivəsində artıq 100-dək tələbə qız bu dəstəkdən faydalanıb.

"Məqsədimiz qızları təhsilə cəlb etmək, ən əsası, onların peşəkar kadr kimi yetişərək, dövlətimizə, xalqımıza, cəmiyyətimizə faydalı olmalarını təmin etməkdir.

Cari ildən başlayaraq “Sən tək deyilsən” layihəsi çərçivəsində şəhid xanımlarının təhsilinə dəstək layihəsinə start vermişik. Hər iki layihənin iştirakçıları müxtəlif təlim proqramlarına cəlb olunacaqlar”, - deyə Bahar Muradova diqqətə çatdırıb.

Komitə sədri layihə iştirakçılarının daim diqqətdə saxlanılacaqlarını də bildirib.

Sosial həyat