Yalnışlıqla başqa şəxsin kartına pul transfer etdikdə, nə etməliyik?

post-img

Texnologiyanın əlçatanlığı insanlara bəzən baha başa oturur. Məsələn, son zamanlar kartdan-karta köçürmələrlə bağlı vətəndaşlar bir sıra problemlərlə qarşılaşırlar. Bunlardan biri də bir rəqəm səhvi ilə başqa birinə vəsait göndərməkdir. Belə olan halda insanlar çox vaxt panikaya düşərək nə edəcəyini bilmirlər. Bəs belə olan təqdirdə haraya müraciət etmək lazımdır? Yalnışlıqla vəsait göndərdiyimiz şəxs ödənişi qaytarmadıqda nələr baş verə bilər?

Mövzu ilə bağlı XQ-ə açıqlama verən hüquqşünas Ruslan Vəliyev zərərçəkənin təlaşa düşməməyini tövsiyə edir. Çünki həmin vəsait hüquqi yolla yenidən qaytarılacaq. “İlk növbədə həmin kartın bankına məlumat verilməlidir. Daha sonra həm göndərən banka, həm də göndərilən banka ərizə ilə müraciət edilməlidir. Əgər vəsait hesabdadırsa, onun “bloklanmasını” və “geri qaytarılması” üçün tədbir görülür. Əgər hesabdan çıxıbsa, bu barədə bankdan arayış aldıqdan sonra həmin şəxsə qarşı məhkəmədə iddia qaldırılır. Biz adətən əvvəl polisə bu barədə müraciət edirik ki, qarşı tərəfin izahatı alınsın. Polis araşdırma aparıb, mülki xarakterli olduğu üçün rədd edir. Həmin qərarla məhkəməyə müraciət edirik. Lakin polisə müraciət edilmədən məhkəməyə müraciət edilə bilər”,-deyə Ruslan Vəliyev fikirlərini bölüşüb.

Bilməliyik ki, bu “hədiyyə” gəldiyi kimi yox, bir az narahatlığınıza səbəb olan şəkildə gedəcək. Ona görə də, bu halda müştərisi olduğunuz banka müraciət etməyi unutmayın. 

Şahanə XANKİŞİYEVA



Sosial həyat