Naxçıvanda “Qədim diyarda yeni fürsətlər” devizi ilə ilk dəfə karyera forumu keçirilib. Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə təşkil edilən işgüzar məclisin məqsədi peşəkar kadrların yetişdirilməsi, kadr ehtiyaclarının qarşılanması, əmək bazarına keçidin asanlaşdırılması və peşəkar bacarıqların inkişaf etdirilməsidir.
Açılış mərasimində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində keçirilən forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. O, son 5 ildə qeyri-formal məşğulluqla mübarizə sahəsində aparılan tədbirlər nəticəsində əmək müqavilələrinin sayında 35 faiz artım olduğunu qeyd edib.
Bildirilib ki, tarixi qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri, müharibə iştirakçıları və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstək tədbirləri ilə əhatə olunması istiqamətində mühüm tədbirlər həyata keçirilib və 124 min şəxsə 300 mindən çox xidmət göstərilib. Artıq ölkədə 6 DOST Mərkəzi fəaliyyət göstərir. Yaxın zamanda Naxçıvan şəhərində də belə mərkəz istifadəyə veriləcək.
Vurğulanıb ki, məşğulluq sistemində də dərin islahatlar həyata keçirilir. Son 5 ildə məşğulluq orqanları tərəfindən 1 milyondan çox şəxslə müxtəlif istiqamətlər üzrə iş aparılıb. Məşğulluq xidmətləri sahəsində innovativ həllərin tətbiqi və rəqəmsallaşdırma işlərindən bəhs olunub. Bu ilin may ayında əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin istifadəyə verildiyi qeyd olunub.
Forum müddətində 4 yerli və 2 xarici spikerin iştirakı ilə “Bilməmək eyib deyil, peşəkardan soruşmamaq eyibdir”, “Bacarıq əmək bazarının cövhəridir” və “Dövr elə bu dövrdür” adlı 3 panel üzrə müxtəlif mövzularda işgüzar müzakirələr aparılıb, icmallar hazırlanıb. Bütün bunlar əmək bazarının tənzimlənməsi, kadr potensialının gücləndirilməsi, gələcəyin ən vacib əmək bacarıqları və onlara yiyələnmək yolları barədə müzakirə platforması yaratmağa imkan verəcək.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan