Koronavirus zəifləri haqlayır

post-img

Yoluxmalar təhlükəli həddə deyil, lakin arxayınlaşmaq da olmaz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove bildirib ki, dünyada koronavirusun EG.5 variantının yayılması, hələ ki bu xəstəliyin daha ağır gedişatına gətirib çıxarmayıb. O qeyd edib ki, hazırda dünyada SARS – CoV-2-nin dominant variantı yoxdur. Yayılan bütün variantlar xəstəliyin tam spektrinin meydana gəlməsinə səbəb ola bilər, lakin ağırlaşmalar müşahidə edilmir.

Van Kerxove son ayların narahat­lıq doğuran tendensiyasına – bir sıra ölkələrdə aşkar olunan koronavirus hadisələrinin sayının artmasına diqqət çəkib. Deyib ki, xəstəxanalara yerləş­dirilmə sayının artması daha çox nara­hatlıq yaradır. Hazırda koronavirusun omikron ştamı ilə bağlı 3 variantı ÜST-da “maraq doğuran (VOI)” kateqoriyaya aid edilib. Bunlar XB.1.5, XBB.1.16 və EG.5-dir. EG.5-in dünyada artım pro­sesi davam edir, amma, XBB 1.5 və XBB.1.16 isə azalma mərhələsindədir. Van Kerkhove dünya üzrə bu xəstəliyin hazırda dominant variantının mövcud olmadığını açıqlayıb.

2023-cü ilin may ayında Ümumdün­ya Səhiyyə Təşkilatı COVID-19 pande­miyasının sona çatdığını elan etsə də, avqust ayından etibarən virusa yolux­ma halları yenidən artmağa başlayıb. COVID-19 testlərinin həyata keçirilməsi azaldığından mövcud statistika yolux­ma səviyyəsini tam əks etdirmir. Amma koronavirus mutasiyaya davam edir və bu, əvvəlki variantlardan daha təhlükəli və daha aqressiv ola biləcək yeni ştam­ların – “eris” və “pirola”nın yaranmasına səbəb olub.

Koronavirusa yoluxmanın artması­nın səbəblərindən biri insanların başqa ölkələrdə keçirdikləri yay istirahətindən qayıtmalarıdır. ÜST-nın məlumatına görə, Cənubi Koreya, İtaliya, ABŞ, Bö­yük Britaniya, Avstraliya və Sinqapurda koronavirusa yoluxma hallarında kəs­kin artım müşahidə olunur. Bu “dalğa­lar” dünyada başlayandan, təxminən, iki həftə sonra Rusiyaya çatıb. Buna görə ölkənin Hökumət Evində qoruyucu maska rejimi bərpa olunub. Xəstəliyin yayılmasına bir səbəb də payızın əvvə­lində havaların xeyli soyuması olur. Bu mövsümdə immunitet azalır, buna görə də getdikcə daha çox insan xəstələnir.

Türkiyənin Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, pro­fessor Dr. Ümit Savaşçı bildirib ki, CO­VID-19-un yeni variantı olan “pirola”nın Türkiyədə də müşahidə edilməsi müm­kündür. Mütəxəssisin sözlərinə görə, koronavirusun yeni variantı “pirola”başqa bir submutasiya olduğundan, türkiyəli alimlər bundan narahatdır. Çünki hazırda ölkədə bu yeni varian­ta qarşı peyvənd yoxdur. Ona görə də qış fəslinin yaxınlaşması ilə bu vəziy­yət bizi bir az da narahat edir. Bir çox ölkələrdə “pirola” variantının olduğuna diqqət çəkən mütəxəssis həmin ştamın hələ çox geniş yayılmadığıını bildirib. Deyib ki, “pirola” ştamı “eris” variantı qədər çox yayılmayıb. Amma laborato­riyada araşdırmalar zamanı peyvəndlə müalicə olunmayacaq simptomlar tapı­lıb. Bu, əlbəttə ki, elm adamlarını çox narahat edir. Çünki virus peyvənddən yan qaça bilir.

Səhiyyə Nazirliyinin mütəxəs­sis-eksperti Təyyar Eyvazovdan hazırkı durumla bağlı vəziyyətə açıqlama verməsini xahiş etdik. İn­feksionist dedi:

– Payız aylarında hava-damcı yolu ilə yayılan infeksiyaların yoluxma dina­mikasında artım çox olur. COVID-19 da hava-damcı yolu ilə yayılan infeksiya olduğu üçün mövsümlərə görə, yolux­ma dinamikasında dəyişiklik var. Bu tip infeksiyalar payıza doğru aktivləşir. Unutmayaq ki, zaman keçdikcə, əldə olunmuş kollektiv immunitet zəifləyir. Pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantlarını törədir. Bundan əlavə, əksər qadağa­ların aradan qaldırılması virusun yayıl­ması üçün münbit şərait yaradır. Ona görə də hazırda ölkəmizdə yoluxma halının yüksəlməsi istisna deyil.

Payız aylarında virusa yoluxmamaq üçün hər kəs diqqətli olmalıdır. Soyuq havalarda insanlar daha çox qapalı məkanlarda olduqlarından və immu­nitet zəiflədiyindən yoluxma ehtimalı artır. Mümkün qədər insanların çox toplaşdığı məkanlardan uzaq durmaq lazımdır. Dezinfeksiyaedici məhsullar­dan istifadəni də unutmaq olmaz. Bu sadə tövsiyələr pandemiyanın şiddətli vaxtlarında özünü dəfələrlə doğruldub. Epidemiyanın alovlanma dövrlərində bu qaydalara etinasızlığın nələrə səbəb olduğunu artıq öz acı təcrübəmizdən bilirik və bunu unutmamalıyıq. Buna görə də hər kəs sağlamlığının qeydinə qalsa, nə yoluxma sayı artar, nə də xəstəxanaya ehtiyac olar.

Onu da qeyd etməliyəm ki, hazırda xəstələrin böyük qismi mövsümi qripə yoluxanlardaır. Nəzərə almalıyıq ki, soyuq aylarda respirator virus infeksi­yalarına yoluxma hallarında artım qey­də alınır. Buna da infeksiyanın fəsilliyi deyilir. COVID-19 infeksiyasının fəsilliyi haqqında danışmaq hələ tezdir. Çünki pandemiyanın başlanmasından cəmi bir il yarım keçib. Bunu zaman göstərə­cək ki, həmin infeksiya, həqiqətən fəsil­lik xarakterlidir, yoxsa yox. Müalicənin düzgün aparılması üçün özündə na­rahatlıq hiss edən, temperaturu yük­sələnlər test etməlidirlər. Hazırda Sə­hiyyə Nazirliyi qripə qarşı vaksin almaq niyyətindədir. Qurum bu viruslu xəstə­liyə qarşı dördvalentli vaksinin alınması üçün tender elan edib. Tenderə əsasən, birdəfəlik şprislərdə 50 min dozada dər­man preparatlarının alınması nəzərdə tutulub. Qeyd edək ki, peyvəndlərin satın alınması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019–30” strate­giyasına uyğun olaraq həyata keçirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətən­daşlarımızı diqqətli olmağa, ÜST-nın tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsə­dilə qəbul edilən qərarlara və müəyyən­ləşdirilən qaydalara tam əməl etməyə çağırırıq.

Qeyd edək ki, ölkəmizdə koronavi­rus infeksiyasına ötən həftə 380 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb. Operativ qə­rargahdan verilən məlumata görə, ana­liz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib. 

Azərbaycanda indiyədək, ümumi­likdə, 833 189 nəfər koronavirus infek­siyasına yoluxub. Onlardan 822 484 nəfər müalicə olunaraq sağalıb, 10 332 nəfər vəfat edib, aktiv xəstə sayı 373 nəfərdir. 

Zərifə BƏŞİRQIZI
XQ



Sosial həyat