Ermənistanla uzunmüddətli münaqişədən sonra regionda ədalətli sülhə nail olunması, diplomatik əlaqələrin qurulması, nəqliyyat-kommunikasiya xətlərinin açılması, eyni zamanda Qarabağda təhlükəsizliyin təmin olunması zəminində mülki əhalinin qayıdışının sürətləndirilməsi və reinteqrasiya məsələləri növbəti hədəflər kimi qərarlaşıb.
Sosial Tədqiqatlar Mərkəzi mövzunun aktuallığından irəli gələrək, ictimai rəydə bu istiqamətdə prioritetləri müəyyən etmək məqsədilə sorğu keçirib. Sorğu çərçivəsində respondentlərə “Sizcə, Azərbaycanın qarşıdakı əsas hədəfləri hansılar olmalıdır?” sualı ünvanlanıb və ən vacib üç hədəfi qeyd etmələri istənilib.
Sorğunun nəticəsinə görə, antiterror tədbirlərindən sonra, indiki halda ölkə ictimaiyyəti üçün əsas hədəf Zəngəzur dəhlizinin açılmasıdır. Belə ki, sorğuda iştirak edənlərin 63.3 faizi bu mövqedən çıxış edib. Zəngəzur dəhlizinin açılması iştirakçıların sosial-demoqrafik xüsusiyyətlərindən asılı olmayaraq, onların əksəriyyəti tərəfindən ifadə olunub.
Respondentlərin 38.8 faizi Ermənistanla sərhədlərin müəyyən olunmasını, 31.3 faizi sülh müqaviləsinin imzalanmasını qarşıdakı ən vacib hədəflər kimi qeyd edib. Ermənistanla sərhədlərin müəyyən olunması əsasən gənc nəslin, sülh müqaviləsinin imzalanması isə yaşlı nəslin rəylərində üstünlük təşkil edib.
Sorğu iştirakçılarının 36.4 faizi əsas hədəf kimi, Qarabağa qayıdışın sürətləndirilməsi, 15.7 faizi Qarabağdakı erməni sakinlərin reinteqrasiyası məsələsini ifadə edib. Qarabağa qayıdışın sürətləndirilməsi mövqeyi daha çox orta yaş qrupuna aid olanlar tərəfindən, erməni sakinlərin reinteqrasiyası isə əsasən yaşlı nəsil (21.1 faiz) və ali təhsillilər (20.8 faiz) tərəfindən olunub. İştirakçıların 6.7 faizi bu istiqamətdə digər cavabları səsləndirib, 1.6 faizi fikir bildirməkdə çətinlik çəkib.
Rizvan FİKRƏTOĞLU
XQ