Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) növbəti nəşri, nəfis tərtibatlı “Göyçay Ensiklopediyası” işıq üzü görüb. Dünən Göyçayda yeni toplunun təqdimat mərasimi keçirilib.
Ulu öndər Heydər Əliyevin 100 illiyinə ithaf olunan kitabın ideya müəllifi və naşiri AVCİYA prezidenti Elxan Süleymanovdur. Onun ensiklopediyaya yazdığı ön sözdə bildirilib ki, bu kitab daha əvvəllər oxuculara təqdim olunmuş “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi – Göyçay döyüşləri”, “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında və “Göyçay tarixi” kitablarının daha möhtəşəm şəkildə davamı kimi hazırlanıb.
Müəllif yazır ki, Ulu öndər və onun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizin bütün bölgələrinə olduğu kimi, Göyçaya da xüsusi qayğı və diqqətlə yanaşıblar. Göyçaylıların dərin minnətdarlıqla xatırladıqları mühüm faktlardan biri misal gətirilir: “1976-cı ildə Göyçay ərazisini daimi sel sularından qorumaq üçün Heydər Əliyevin göstərişi ilə Ərvan çayı üzərində bənd tikildi. Bunun sayəsində rayonumuzun geniş torpaq sahələri abadlaşdırıldı, yüzlərlə ev, məktəb, mədəniyyət ocaqları tikildi, bağlar, parklar salındı.İnsanlar evlərində rahat yaşamaq imkanı qazandılar”.
Ensiklopediyada bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr, müvafiq xəritələr yer alıb. Yerli ədəbi-mədəni mühit, folklor və mərasimlər, maddi mədəniyyət, toponimlər haqqında tanınmış tədqiqatçıların yazdıqları oçerklərlə tanış olmaq olar. Kitaba, ilk növbədə, və daha çox Göyçayın adını xan çinarın ucalığına qaldırmış görkəmli şəxsiyyətlər haqqında məqalələr daxil edilib. Bunların hamısı 951 məqalədə, 11 irihəcmli oçerkdə birləşib.
Qeyd edək ki, ensiklopediyanın elmi-redaksiya şurasının rəhbəri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, nəşrin baş redaktoru filologiya elmləri doktoru, professor Asif Hacılıdır. Cildin tərtibatında Səttar Bəhlulzadənin “Göyçay” (1972) rəsmindən istifadə edilib ki, bu da Azərbaycanda narın Vətəni sayılan bir rayonun simvolu kimi təqdirəlayiqdir.
Ensiklopediyanın təqdimat mərasimində çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev nəfis tərtibatda ərsəyə gətirilmiş geniş məlumat toplusunun buraxılmasını təqdirəlayiq hal kimi dəyərləndirdi və yaradıcı heyətə razılığını bildirdi. Sonra AVCİYA prezidenti Elxan Süleymanov qeyd etdi ki, bu, 2015-ci ildə buraxılmış “Şamaxı ensiklopediyası”ndan sonra eyni silsilədən hazırlanan 2-ci nəşrdir. O, ensiklopediyanın çapına informasiya dəstəyi göstərənlərin hamısına dərin təşəkkürünü bildirdi.
Nəşrin baş redaktoru ensiklopediya üzərində aparılan işdən danışdı və sözü Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verdi. Anar müəllim ensiklopediyanın elmi-redaksiya şurasının sədri olmasından qürur duyduğunu söylədi və bu kitabın hər bir göyçaylının sevə-sevə oxuyacağına əminliyini ifadə etdi.
Təqdimatda Milli Məclisin deputatı Zahid Oruc, “Yeni müsavat” qəzetinin məsul redaktoru Elşad Məmmədli, “Göyçay” rayon qəzetinin redaktoru Adil Məmmədov və başqaları çıxış edərək, Ulu öndərin 100 illiyinə layiqli töhfə olan nəşrin hazırlanması üçün çəkilən zəhməti yüksək dəyərləndirdilər, ensiklopediyanın uzun illərdən sonra da etibarlı mənbə kimi qalacağına inandıqlarını bildirdilər.
İlqar HƏSƏNOV
XQ-nin bölgə müxbiri