“Qısa ömrün xatirələri”adlı kitabın təqdimatı keçirilib

post-img

Xətai rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında Azərbaycan Respublikası prokurorluq orqanlarında fəaliyyət göstərən mərhum Xanoğlan Şıxəliyevin 66-cı il dönümünə həsr olunan “Qısa ömrün xatirələri”adlı kitabın təqdimatı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anıblar. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin və mərhum prokuror Xanoğlan Şıxəliyevin xatirəsi də bir dəqiqəlik sükutla yad edilib.  

Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, prokurorluq işçiləri, şəhid ailələri, qazilər və mərhumun yaxınları iştirak ediblər.

Mərasimdə Milli Məclisin deputatları Hikmət Babaoğlu, Vüqar İskəndərov, mərhumun oğlu, Bakı şəhər Prokurorluğu Daxili işlər orqanlarının İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Müşfiq Şıxəliyev və başqaları çıxış edərək Azərbaycan Prokurorluğunun Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra və onun hakimiyyətdə olduğu illər ərzində xalq qarşısında öz layiqli yerini tutduğunu, dövlətçiliyimizin təməllərindən hesab edilən mühüm təsisata çevrildiyini və hazırda Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və qayğısı sayəsində öz üzərinə düşən vəzifələri uğurla davam etdirdiyini bildiriblər. 

Qeyd edilib ki, Xanoğlan Şıxəliyev Ulu Öndərin xalqımız üçün, müstəqilliyini elan etmiş və lakin çox keçmədən yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış ölkəmizin suverenliyinin qorunub saxlanması, hətta qısa müddət ərzində dövlətin və cəmiyyətin həyatının bütün sahələrində ciddi dirçəlişə nail olması üçün gördüyü çox geniş əhatəli işləri bir ziyalı vətənpərvər olaraq yaxşı dərk edirdi. Onun Ümummilli Liderə həsr etdiyi “Heydər Əliyev çörəyi”, “Haydar Aliyev okulu” və s. kitablar, məqalələr Ulu Öndərə sonsuz məhəbbətin bəhrəsidir. 

Vurğulanıb ki, X.Şıxəliyev prokurorluq orqanlarında sıravi müstəntiq vəzifəsindən müstəqil rayon prokuroru vəzifəsinə qədər irəli çəkilib, Respublika prokurorluğunun mərkəzi aparatında məsul vəzifələrdə çalışıb. Prokurorun vəzifəsinə inzibati xətaların araşdırılması, hökmlərin icrasına nəzarət, qanunun tələblərinə əməl olunmasında məhkəməyə köməyin göstərilməsi, tərəflər arasında mübahisənin qanunvericiliyə uyğun olaraq necə həll edilməsi yüksək peşəkarlıq, eyni zamanda zəngin təcrübə ilə bağlıdır. Bütün bu işlərin öhdəsindən böyük peşəkarlıqla gələn Xanoğlan Şıxəliyevlə bağlı həmkarları və digərlərinin verdiyi müsahibələr “Qısa ömrün xatirələri” kitabında yer alıb. Hüquq-mühafizə orqanlarında çalışan gənclər belə biblioqrafik xarakterli kitablara maraq göstərməli, hüquq müdafiəçisinin ömür yolunda məsuliyyətli peşəsi ilə bağlı çətinliklərin öhdəsindən necə gəldiyini bilməlidirlər. Bu baxımdan kitab əhəmiyyətli vəsaitdir. 

Mərhumun qızı, “Qısa ömrün xatirələri” kitabının müəllifi Nuranə Şıxəliyeva Vətən və vətəndaşı sevməyin böyük bir əxlaqi keyfiyyət olduğunu bildirib: “Bir vətəndaş kimi mənsub olduğumuz millətin, xalqın mənəvi dəyərlərini dərindən bilməliyik. Dövlət rəmzlərimizi göz bəbəyi kimi qorumalı, hüquqlarımızı bilib, qanunlarımıza əməl etməliyik. Atam bizi bu ruhda tərbiyə edib. Biz doğma Vətənimizi, Azərbaycanımızı çiyinlərimizə qaldırıb daha işıqlı sabahlara, aydın gələcəyə aparmağa borcluyuq. Atamın gənc nəslə tövsiyəsi və ən böyük arzusu da bu idi”. 

Sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Sonda mərhumun həmkarları, yaxınları və davamçıları öz ürək sözlərini böyük qürur, eyni zamanda kədər hissi ilə bölüşüblər. 

Mərasim bədii hissə ilə davam etdirilib.

  















Sosial həyat