Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldı

post-img

Üçüncü ildir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Bu münasibətlə Bakının Sabunçu rayonundakı C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbdə dəyirmi masa keçirildi. Əvvəlcə İkinci Qarabağ müharibəsində, ümumiyyətlə torpaqlarımızın müdafiəsi zamanı həyatını qurban verən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin tarix müəllimi Əhəd Rzayev 44 günlük müharibədə Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, böyük şücaət göstərmiş əsgərlərimizin igidliklərindən, bütövlükdə xalqımızın yüksək əzm və iradə nümayiş etdirərək, bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirməsindən bəhs etdi. 

Məktəbin direktoru Nəriman Məmmədzadə çıxış edərək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığından və qazandığı möhtəşəm tarixi zəfər barəsində öz fikirlərini söylədi. Bildirdi ki, Müzəffər Ali Baş Komndan İlham Əliyevin rəhbərliyi ilə zəfərlə başa çatan 44 günlük müharibə dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.

Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini İlahə Quliyeva, kitabxana müdiri Natavan Həsənova, kitabxanaçı Ofella Ələkbərova və məktəbin şagirdləri iştirak etdilər.

XQ







Sosial həyat