Naftalan: birgə sosial layihəyə bu dəfə Tərtər rayonu qoşuldu...

post-img

Keçən ilin iyul ayında Naftalan Şəhər İcra Hakimiyyəti xeyirxah bir təşəbbüslə çıxış edib, maraqlı sosial layihəyə imza atıb. Çox keçməyib ki, Yevlax, Abşeron və Nizami rayon icra hakimiyyətləri ilə birgə reallaşan təşəbbüs Naftalanın sağlamlıq mərkəzlərində onlarla şəhid ailəsi üzvlərinin, qazilərin, müharibə veteranlarının dincəlməsinə və müalicə almasına hərtərəfli şərait yaradıb. 

Təşəbbüsə bu dəfə Tərtər Rayon İcra Hakimiyyəti qoşulub. Həmin rayondan olan bir qrup şəhid ailəsi və qazi “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzinə dəvət olunub.

Bu günlərdə icra hakimiyyətlərinin başçıları Vüqar Novruzov və Müstəqim Məmmədov Müalicə Mərkəzində şəhid ailələrini və qaziləri ziyarət edib, onlara yaradılan şəraitlə tanış olub, müalicə prosesi ilə maraqlanıblar.

Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı qeyd edilib ki, ölkəmizdə bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş qardaşlarımızın ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, onların övladları, ailə üzvləri daim möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunurlar. 

Çıxış edən şəhid valideynləri, qazilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, yaradılan şəraitdən razı qaldıqlarını deyiblər.

Hamlet Qasımov, “Xalq qəzeti”









Sosial həyat