Lakin onun mənlik və ləyaqətini alçaldanlar da az deyil
Azərbaycanda qadınların hüquqlarını əksər hallarda ailə üzvlərinin özləri pozurlar. Araşdırmalar göstərir ki, onlara ərləri və ya digər ailə üzvləri hədə-qorxu gəlir, yaxud incidir, zorlayır, hətta yaralayır və öldürürlər. Bu zərif məxluqları qorumalı, himayə etməli olduqları halda, özləri təqib və təhqir edirlər.
Belə halların əksəriyyəti ölümlə nəticələnir. Daxili İşər Nazirliyinin məlumatında bildirilir ki, məişət zorakılığı ilə bağlı 2022-ci ildə qeydə alınmış cinayətlərdə zərər çəkən qadınların sayı 1196 nəfər olub, onlardan 51 nəfəri həyatlarını itiriblər. Bunların da kökündə iqtisadi, siyasi, sosial məsələlər durur. Burada bir maraqlı məqam da var. Baş verən qətllər və cinayətlər zamanı həbs olunanların məhkəmə proseslərində müttəhimlər qətlə yetirdikləri qadınları ittiham etməkdən çəkinmirlər. Məhkəmələrdə bacısını və ya arvadını öldürmüş məhkumların böyük əksəriyyəti bunun səbəbini qızların və qadınların davranışının qeyri-əxlaqi olması, namus məsələsi ilə əsaslandırırlar.
Təəssüflə qeyd etməliyik ki, ailə-məişət və digər zəmində baş verən münaqişələrin, cinayətlərin 60–70 faizi isə azyaşlı və yeniyetmə uşaqların gözü qarşısında baş verir. Belə qətlləri törətmiş cinayətkarlara heç bir haqq qazandırmaq mümkün deyil. Çünki bu zaman uşaqlarının ümid yeri olan hansısa ana dünyasını dəyişir, uşaqların keçirdiyi psixoloji sarsıntını və onun yaddaşında buraxılan bu qanlı izi isə heç nə ilə silmək mümkün olmur. Əslində, həmin hadisələrin əksəriyyətində əxlaqsızlıq motivi sonradan heç də öz təsdiqini tapmır. Görünür, müxtəlif səbəblərdən cinayət etmiş cani bu yolla özünə haqq qazandırmaq istəyir.
Zərif məxluq güclü himayəyə möhtacdır
Azərbaycanda fiziki və psixoloji zorakılıq faktlarından və erkən nikahdan əziyyət çəkənlər, cinsi zorakılığın və insan alverinin qurbanları kifayət qədərdir. Zorakılıq qurbanlarının əksəriyyəti cəmiyyətdə etibarlı rəsmi, yaxud ictimai dəstək tapmadığından susmağa üstünlük verir, polisə müraciət etməkdən qorxur, buna görə də konkret faktla bağlı cinayət işləri açılmır. Bəzən də polis və digər orqanlara baş verən zorakılıq haqqında son anda məlumat verilir. Belə olan halda mənəvi-psixoloji yardıma ehtiyacı olan bu qadınları yaxınları belə qəbul etməkdən imtina edir. Gender bərabərsizliyi isə, bütövlükdə cəmiyyətə zərbə vurur. Bu, qadınların məhsuldar məşğulluğa cəlb edilməsinə və qızların məktəbə getməsinə mane olur.
Zorakılıq, müdafiəsiz qadınları cinsi əlaqələr qarşısında daha çətin vəziyyətə salır, zəif edir və müxtəlif xəstəliklərin daha geniş yayılmasına da səbəb olur. Bütün bunlar ailə, xüsusilə də gələcək nəsillər üçün dərin və sağalmaz sarsıntıya gətirib çıxarır. Mütəxəssislər bildirirlər ki, gender əsaslı zorakılığa məruz qalmış və ya bu risklə üzləşən qadın və qızların hüquqlarının dayanıqlı şəkildə müdafiəsinin təmin edilməsi günün vacib məsələlərindən biridir.
Vəkil Xəyal Bəşirov bildirir ki, qadınlara qarşı həm ailədə, həm də cəmiyyətin digər müstəvilərində baş verən zorakılıq hallarının müəyyənləşdirilməsi və bunlarla bağlı mübarizənin qanuniləşdirilməsi istiqamətində atılmış mühüm addımlardan biri 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunmasıdır. Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. Qanunun 10-cu maddəsi zərərçəkmiş şəxslərə mühafizə orderinin verilməsini nəzərdə tutur. Belə qadına və kişiyə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.
Qeyd edək ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun 2010-cu ildə qüvvəyə minsə də, zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə bağlı müddəa 2 il işləməyib. Çünki “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası"nı Nazirlər Kabineti yalnız 2012-ci ilin fevralında qəbul edilib və mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb. Əgər 2014-cü ildə Azərbaycanda zorakılığa məruz qalan 3 nəfərə mühafizə orderi verilmişdirsə, artıq 2022-ci ildə bu rəqəm 58 olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib: “Bu il Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10 faiz artıb. Müraciətlərin 225-si məişət zorakılığı ilə bağlıdır. 2023-cü ilin 6 ayında müraciətlərə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən zərərçəkmiş şəxslərə 40 mühafizə orderi verilib”.
Sığınacaqlar qurbanları qəsdlərdən qoruyur
Mühafizə orderi verilsə belə, əsas məsələ bunun nə qədər təsirli olması ilə bağlıdır. Təcrübə göstərir ki, qanunun olması, mühafizə orderinin verilməsi hələ zorakılığın qarşısının alınması demək deyil. İndi icra hakimiyyəti 1 ay və ya 3 aylıq mühafizə orderi verir, bu müddətdə zorakılıq törədən şəxs sakit dayanır, elə ki, vaxt bitdi, yenidən öz əməlinə başlayır. Ona görə də, bu istiqamətdə ciddi sürətdə dəyişiklik lazımdır. Yəni yalnız mühafizə olunanın öz müraciəti ilə orderin müddətinə xitam verilməlidir.
Xatırladaq ki, mühafizə orderi Avropadan gəlmə bir tendensiyadır və bu, kiçik ailələr üçündür. Bizdə isə böyük ailələrdir - qayınata, qayınana, baba, nənə, qayın, baldız, əmi, dayı... Təsəvvür edin mühafizə orderini tətbiq edəndən sonra zərərçəkən qadın o böyük ailə içərisində nə qədər təhlükəsiz yaşayacaq? Bəs çıxış yolu nədir? Hüquq müdafiəçiləri qeyd edirlər ki, Türkiyə təcrübəsindən də faydalanmaq olar. Türkiyədə “Bələdiyyə haqqında” qanunun 14-cü maddəsinə görə, iri şəhər bələdiyyələri (əhalisinin sayı 100 mindən artıq) qadın və uşaqlar üçün sığınma evləri açmaq məcburiyyətindədir. Ailə, Çalışma və Sosiyal Xidmətlər Nazirliyinin məlumatına görə, ümumilikdə, 3 min 454 nəfərlik 144 qadın sığınmaevi fəaliyyət göstərir. Bura sığınan qadınların yerləri hər kəsdən gizlin saxlanılır ki, həyat yoldaşları onlara zərər yetirməsin. Azərbaycanda isə sığıncaqlar çox azdır, əsasən də QHT sığıncaqlarıdır.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib: “Ölkədə yeni sığınacaqların yaradılmasına, mövcud sığınacaqların zəruri standartlara çatdırılmasına çalışırıq”. O bildirib ki, hazırda ölkədə 4 QHT tərəfindən yaradılan 5 fəal sığınacaq var: “Lakin bu sığınacaqların imkanları yüksək deyil. Qəbul edilən şəxslərin sayı məhduddur. Biz bu istiqamətdə dəstəyimizi əsirgəmirik. Sığınacağa ehtiyacı olan şəxslərin müvafiq qaydada yerləşdirilməsi üçün yönləndirməyə çalışırıq. Əlbəttə, regional sığınacaqların olması vacibdir. Yaxın zamanda yeni sığınacaqların fəaliyyət göstərməsi gözlənilir”.
Qadın Resurs Mərkəzilərinə də ehtiyac var
Araşdırmalar göstərir ki, məişət zorakılığının qarşısının alınmasının bir yolu da qadınların iqtisadi fəallığının artırılmasıdır. Hazırda 17 regionda Qadın Resurs Mərkəzi fəaliyyət göstərir. Məqsəd kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və bacarıqlarının artırılmasıdır. Bu günədək 8 min 200 nəfərdən çox qadın üçün gender bərabərliyi və iqtisadi hüquqlar, həmçinin biznesin inkişafı, peşə kursları, mühasibat uçotu, maliyyə savadlılığı və kompüter elmləri üzrə ödənişsiz təlimlər keçirilib və 600-ə yaxın qadın isə sahibkarlıq fəaliyyətinə başlayıb. Bu imkan verir ki, onlar iqtisadi baxımdan daha çox inkişaf etsinlər və daha da sərbəst olsunlar. Bu inkişaf da məişət zorakılığı, qızların təhsildən yayınması, erkən nikahların olması kimi halların azalmasına təsir göstərir.
Mərkəzlərdə gender əsaslı və ya məişət zorakılığından əziyyət çəkmiş qadınlara hüquqi və psixoloji yardım təklif edir.
Bəli, bu gün elə sosial müdafiə sistemi yaradılmalıdır ki, bu məsələlərlə təkcə polis məşğul olmasın. Sosial işçilər həm zorakılıq törədən, həm də zorakılığa məruz qalan şəxslə iş aparmalıdır. Hər bir halda isə qanunlar cəmiyyətin tələblərinə uyğunlaşdırılıb qəbul edilməlidir.
P.ƏFƏNDİYEV
XQ