Mənəvi xəzinə inciləri

post-img

Filologiya üzrə fəlsəfə doktoru Tahir Paşazadənin “Heydər Əliyev və şifahi xalq yaradıcılığı” kitabı işıq üzü görüb. 

Ulu öndərin 100 illiyinə həsr olunan nəşrdə elmi dəlillər­lə göstərilir ki, Azərbaycan folk­lorşünaslığında müşahidə edilən keyfiyyətcə yeni mərhələ məhz 1970-ci illərdə milli-mənəvi dəyərlərə arxa və dayaq olan Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Dahi rəhbər möh­kəm iradəsi, əzmi və təşəbbüskarlığı ilə milli mədəni irsin öyrənilməsinin optimal yollarını tapır, onun tədqiqi və təbliği işini ən yüksək səviyyədə təşkil etməyi bacarırdı. Onun şəxsi nüfuzu və istedadı sayəsində şifahi xalq ya­radıcılığının öyrənilməsi böyük uğurla davam etdirilir, ona gənc nəslin tər­biyəsi, sovet insanının mənəviyyatının yüksəldilməsi, mədəni irsin qorunması və s. adlar verilərək, ideoloji zərbələrin mümkün dairəsindən çıxarılırdı. Bütün bunlar kitabda dərin və əhatəli əksini tapıb.

Tədqiqatın əsas məqsədi Azər­baycan folklorunun toplanması, qo­runması və öyrənilməsinə daim qayğı göstərmiş Ulu öndərin xidmətlərini sistemli şəkildə araşdırmaq və folklor­şünaslığın elmi dövriyyəsinə daxil et­məkdir. Müəllifin bu yöndə çalışmaları uğurlu alınıb, ciddi elmi mənbə ərsəyə gəlib. 

***

Folklorşünas alim Aytən Cəfəro­vanın “Naxçıvan paremioloji va­hidləri: deyimlər, atalar sözləri və məsəllər” kitabı sarsılmaz özülə malik milli-mənəvi dəyərlər siste­mimizin bir parçası olan ümumxalq yaradıcılığının toplanması, tərtibi, tədqiqi və təbliği baxımından əhə­miyyət kəsb edir. 

Müəllifin tər­tib etdiyi kitabda, əsasən, Naxçı­van Muxtar Res­publikası əra­zisində işlənən paremioloji va­hidlər toplanıb. Alim paremioloji vahidlərin mil­li-mənəvi dəyər­lər sistemimizdəki yerini elmi izahla və tutarlı faktlarla diqqətə çatdırır, həmçinin paremioloji vahidlərlə bağ­lı görkəmli alimlərin fikirlərinə istinad edir, qədim və müasir xalq deyimləri, atalar sözləri, məsəllər barədə məlu­mat verir, dilimizdə işlənmə tezliyi ilə bağlı məqamlara diqqət çəkir.

Kitabın “Xalq arasında ən çox iş­lədilən deyimlər” bölməsində tez-tez rastlaşdığımız, əksəriyyəti gündəlik məişətdə geniş istifadə olunan de­yimlər təqdim edilmişdir. Deyimlər əlif­ba qaydasına əməl olunmaqla a-dan z-yə doğru sıralanmışdır. Zəngin et­no-mədəni materialın yaddaşlardan toplanması, tərtibi, təsnifi, tədqiqi və nəşri xalqın dünyagörüşünün aşkara çıxarılmasına xidmət edir. 

Ə. ƏLİYEV, “Xalq qəzeti”



Sosial həyat