Şəkidə Aqrar İnnovasiya Festivalı

post-img

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalına start verilib.

Kənd Təsərrüfatı Nazirliyindən qəze­timizə bildirilib ki, toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, həmçinin payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiy­yətli toxuma əlçatanlığını təmin etmək məqsədilə Şamaxı, Ağstafa, Qusar, Ağ­cabədi, Hacıqabul, Sabirabad, Biləsuvar rayonlarında toxum-sərgi satış yarmar­kaları təşkil olunacaq. Yarmarkalar Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Döv­lət Toxum Fondu və Azərbaycan Toxum­çular Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Toxum sərgi-satış yarmarkaları ilə bağlı hazırlanmış səyyar karvan vasitə­silə mövsüm boyu Azərbaycanın 30-dan artıq bölgəsində fermerlərə məlumatlar təqdim olunacaq. Şəkidəki festivalda toxum sərgi-satışı ilə yanaşı festivalların ənənəsinə uyğun olaraq müxtəlif kənd təsərrüfatı texnologiya və məhsulların nümayişi, eləcə də fermerlərin maariflən­dirilməsi üzrə təlimlər keçirilib.

Festivalda Kənd Təsərrüfatı Nazirliyi­nin qurumları və digər dövlət müəssisələ­ri, yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkət­lər eləcə də kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.

Sərgidə dənli, (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrü­fatı təyinatlı müxtəlif pilotsuz uçuş apa­ratları, texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olu­nan yeni texnologiyalar, müasir texno­logiyalar əsasında əldə olunmuş əkin materialları, gübrə, pestisid nümunələri nümayiş olunub.

Festival ərzində fermerlərə “Taxıl bitkilərinin aqrotexniki qulluq qaydaları, düzgün toxum seçilməsi” mövzusunda təlim keçirilib, sertifikatlı toxumun əldə edilməsi, təmizlənməsi mövzuları is­tiqamətində məlumatlar verilib.

Bu il ilk dəfə olaraq toxum sərgi-satış yarmarkaları Aqrar İnnovasiya Festival­ları çərçivəsində keçirilir. Növbəti Aqrar İnnovasiya Festivalı avqustun 18-də Şa­maxı rayonunda təşkil olunacaq.

“Xalq qəzeti”

Sosial həyat