Özbəkistanda Azərbaycan dünyası

post-img

Ölkəmizdə də qardaş xalqın öz aləmi var 

Özbəkistanda Azərbaycanı, musiqimizi, incəsənətimizi çox sevirlər. Elə bir özbək toyu olmaz ki, Azərbaycan musiqisi səslənməsin, mahnılarımız oxunmasın. Klassik filmlərimiz Özbəkistan televiziyası ilə tez-tez göstərilir. Axı biz də özbək incəsənətini və mədəniyyətini çox sevirik. “Daşkənd çörəkli şəhərdir” filminə kim baxmayıb? Mərhum müğənni Batır Zakirovun, onun qardaşı Fərrux Zakirovun Bakıdakı konsertləri yaddaşlardan silinə bilərmi? 

Hələ 18 il əvvəl Daşkənddə soydaşla­rımızın yığcam yaşadıqları Tezikovka ya­şayış sahəsində Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) üçün ayrıca bina tikilib və binanın qarşısında Heydər Əliyevin abidə­si qoyulub və bu mərkəzə ulu öndərin adı verilib. 

Azərbaycanın Özbəkistandakı səfir­liyinin və AMM-nin təşəbbüsü ilə burada müxtəlif layihələr həyata keçirilir. Mədə­niyyət Mərkəzi bu ölkədə mədəniyyəti­mizin və incəsənətimizin təbliğatçısı kimi çoxsaylı tədbirlər keçirir, Azərbaycanın şair və yazıçılarının kitablarını özbək di­lində çap etdirir. Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. 

Neçə illər mərkəzin nəzdində Kövkəb Əliyevanın rəhbərliyi ilə “Azərbaycan qız­ları” uşaq rəqs ansamblı (İlk adı ”Bülbül­lər” olub) fəaliyyət göstərib. Kövkəb xanım rəhmətə gedəndən sonra isə bu ansambl onun adını daşıyır və fəaliyyətini davam etdirir. 1997-ci ildə Azərbaycan Preziden­ti Heydər Əliyev Özbəkistanda səfərdə olarkən rəqs ansamblının çıxışları xoşu­na gəlib, onları bir həftəliyə Azərbaycana qastrola dəvət edib, Bakıda konsertləri olub. 

Hələ 1997-ci ildə Səmərqənddə keçi­rilən “Şərq təranələri” birinci Beynəlxalq Musiqi Festivalında gənc xanəndə Simarə İmanova “Qran pri”yə layiq görülüb. Son­rarkı illərdə Alim Qasımov, Aygün Bəylər, Qoçaq Əskərov birinci, Zabit Nəbizadə ikinci mükafat alıb. 2017-ci ildə keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalında isə gənc tarzən, Əməkdar artist Sahib Paşazadə yenidən “Qran-pri”­ni Azərbaycana aparıb.

Zaman-zaman Azərbaycanda və Öz­bəkistanda keçirilən mədəniyyət günləri xalqlarımızı və ölkələrimizi bir-birinə daha da yaxınlaşdırıb. 1979-cu ildə Azərbaycan­da keçirilən ədəbiyyat və incəsənət günlə­rində elm, ədəbiyyat və incəsənət xadim­ləri K.Yaşen, Q.Qulam, Zülfiyyə, T.Tülə, Şükrullo, A.Muxtar, A.Aripov, N.Nərzul­layev, İ.Ametov, Mirmöhsün, N.Səfərov, ədəbiyyatşünas Ə. Kayumov və başqaları iştirak ediblər. Özbəkistan ədəbiyyatı və in­cəsənəti günlərində Özbəkistandan gələn nümayəndə heyəti Azərbaycanın şəhər və rayonlarında 190 görüş keçirib, 100-dən çox konsert veriblər. 

1980-ci ilin iyununda isə Özbəkistan­da Azərbaycan ədəbiyyatı və incəsənəti günləri keçirilib. On gün ərzində Azərbay­can şairləri bir çox görüşdə iştirak ediblər. Azərbaycanın Xalq şairi Mirvarid Dilbazi Özbəkistanın Xalq şairi, Lənkəranın fəxri vətəndaşı Zülfiyyəyə şairin mis üzərində döyülmüş portretini hədiyyə verib.

1978-ci ildə Azərbaycan bəstəkarları və musiqişünasları Səmərqənddə muğam sənətinə həsr olunmuş Beynəlxalq musiqi simpoziumunda iştirak edibər. O illərdə Azərbaycan rəssamlarının sərgiləri Daş­kənddə nümayiş etdirilib, Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov və başqalarının 42 əsərindən ibarət sərgi açılıb. 

Keçmiş SSRİ dövründə Daşkənd­də keçirilən Asiya və Afrika ölkələrinin I Beynəlxalq kinofestivalında “Ulduzlar sönmür”, “Salam, Azərbaycan” filmləri nümayiş etdirilib və Özbəkistana gələn sənətkarlar arasında Adil İsgəndərov, re­jissor Əjdər İbrahimov da olub. 1973-cü ildə “Özbəkfilm” studiyasının çəkiliş qrupu iki seriyalı “Əbu Reyhan Biruni” filminin bir sıra kadrlarını Bakıda-Şirvanşahlar sara­yında və Qız qalasında çəkiblər. 

Azərbaycanın Xalq artisti Rasim Ba­layev “Özbəkfilm”in çəkdiyi “Alovlu yollar” filmində (rejissor Şuxrat Abbasov) Buxara Əmiri rolunu canlandırıb. R.Balayev “Öz­bəkfilm”də Latif Fayziyevin “Oyanış” fil­mində də baş rolda oynayıb. Özbəkistan­da Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində “Nəsimi”, “Qayınana”, “Qərib cinlər diyarında”, “Mezozoy əhvalatı”, “Sönmüş ocaqların işığı” və s. filmlərimiz nümayiş etdirilib. 

Elə bu günlərdə, avqustun 1-dən 4-dək Azərbaycanda Özbəkistan Mədəniyyəti günləri keçirilib. Özbəkistandan Bakıya 200-dən artıq mədəniyyət və incəsənət xadimi gəlib. Heydər Əliyev Sarayında keçirilən açılış mərasimində Azərbayca­nın və Özbəkistanın mədəniyyət nazirləri Adil Kərimli və Azadbek Nazarbekov çıxış ediblər. Keçirilən konsert proqramı alqış­larla qarşılanıb.

Adil Kərimli ilə Azadbek Nazarbekov arasında ayrıca görüş də keçirilib, əmək­daşlıq məsələləri müzakirə edilib. Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Məcid Şamxalovun “Qaynana” komediyası ilə çıxış edib. Dörd gün ərzində Bakının müxtəlif konsert sa­lonları və teatrlarında müxtəlif görüşlər və konsert proqramları təşkil edilib.

Ötən il Azərbaycan Prezidenti İlham Əliyev 3 dəfə Özbəkistanda səfərdə olub. Bu da müxtəlif sahələrdə əməkdaşlığımı­zın inkişafına təkan verib. 

Beləcə dövlətlərimiz və xalqlarımız arasında bütün sahələrdə dostluq və əməkdaşlıq durmadan inkişaf edir.

 

Qulu KƏNGƏRLİ,
“Xalq qəzeti”nin xüsusi müxbiri

Daşkənd

Sosial həyat