Hazırda qarpız mövsümüdür. Elə insan var ki, hər gün qarpız yeməsə dayana bilmir. Bu yaxşıdır, çünki qarpız orqanizmin su ilə təminatını dəstəkləyir, xərçəngin qarşısını almağa kömək edir, iltihabı və oksidləşdirici stresi azaldır, ürəyə yaxşı təsir göstərir. Qarpızın orqanizmə faydaları çoxdur. Onu daha çox soyuq yeməyi sevdiyimizdən əks-təsirindən xəbərsizik.
Rusiyalı terapevt Lyudmila Lapanın fikrincə, soyuq qarpız yemək immuniteti zəif olan insanların sağlamlığına ciddi ziyan vurur. O deyib ki, soyuq halda yeyilən qarpız insan orqanizmində problemlərə, xüsusən ağız boşluğunda inkişaf edən infeksiyaların çoxalmasına, habelə periodontal (ağız-damaq) xəstəliklərin şiddətlənməsinə səbəb ola bilər.
Həkim bildirib ki, immuniteti zəif olanlarda xəstəliklər ağız və boğazın selikli qişasında yuva quran infeksiyalar səbəbindən yaranır. Belə ki, ağız boşluğundakı toxumaların soyumasına səbəb olan soyuq qarpız iltihablı və yoluxucu proseslərin inkişafını sürətləndirən mexanizmə çevrilə bilər.
Buna görə də, xüsusən, yaşlı insanlar, uşaqlar və hamilələr soyuq qarpızdan uzaq durmalıdırlar. Çünki onların immun sistemi bir qədər zəif olur.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”

