Yay fəslinin ən sevimli meyvələrindən olan yemişin çoxlu faydaları var. Mütəxəssislərin fikrincə, isti yay günlərində yemiş sərinlik və rahatlıq bəxş edir, göz xəstəliklərinin qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, ağciyər xəstəliklərinə səbəb olan zərərli hüceyrələrin sovrulmasını sürətləndirir, ürək-damar sistemi problemlərinə müsbət təsir edir.
Amma el arasında deyirlər ki, yemişi balla eyni vaxtda yemək olmaz Bu fikirdə həqiqət varmı? Həkimlərin fikrincə, yemiş mədədə çətin həzm olan qida hesab edilir. Onu balla eyni vaxtda yeyəndə mədə-bağırsaq sistemi yüklənir, şəkər mübadiləsi pozulur, bir çox hallarda qəbizlik, halsızlıq, ürəkbulanma yaranır. Qəbizlik çox davam edərsə, daha ciddi nəticələr olur. Yemiş və bal ən azı dörd saat fərqi ilə qəbul edilməlidir, çünki həmin müddətdə mədədə həzm prosesi getmiş olur.
Yemişi səhər yeməyində qəbul etmək tövsiyə olunur. Mütəxəssislər bildirirlər ki, idmanla məşğul olanlar, artıq çəkidən əziyyət çəkənlər gündə 150 qramdan artıq yemiş yeməməlidir.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”