Ulu sözün uca dəyəri

post-img

“Şöhrət”li yazıçının “Şərəf”li ömür yolu

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dünən imzaladığı sərəncamla Xalq yazıçısı Mövlud Süleyman oğlu Balakişiyevin (Mövlud Süleymanlı) “Şərəf” ordeni ilə təltif edilməsi ədəbi-mədəni aləmdə böyük razılıqla qarşılanıb. 

Sevimli yazıçımızın növbəti dəfə yüksək səviyyədə təltif olunduğunu bilən kimi zəng edərək təbriklərimizi çatdırdıq. Təşəkkür edərək bildirdi ki, dövlətin sənət adamlarına, yaradıcı zi­yalılara diqqət və qayğısından olduqca razıdır. Prezident İlham Əliyevin yara­dıcılığına verdiyi yüksək qiymətə görə dərin minnətdarlığını ifadə etdi. 

Çağdaş ədəbiyyatımızın inkişafın­da böyük xidmətləri olan 80 yaşlı nasir, dramaturq və ssenarist Mövlud Süley­manlı bu gün də gənclik şövqü il ya­zıb-yaradan qələm sahiblərindəndir. O, özünəxas yazı üslubu ilə xalqın tarixini, etnoqrafiyasını, əxlaqi dəyərlərini əsər­lərində parlaq şəkildə təcəssüm etdirir. Bütün bunlar Mövlud Süleymanlının yaradıcılığını səciyyələndirən başlıca amillərdir.

Yarım əsrdən çox yaradıcılıq yolu keçən sevimli yazıçımız ədəbiyyata bir çox qələmdaşları kimi, şeirlə gəlib. Elə onun nəsr dilinin son dərəcə axıcı və rə­van olması da, şübhəsiz, bununla bağ­lıdır. 1964-cü ildə "Аzərbаycаn gənclə­ri" qəzetində "Əllərim" adlı ilk şeiri çаp оlunan Mövlud Süleymanlının nəsr əsərlərindəki obrazlı təhkiyələri, qəhrə­manlarının mənəvi aləminə işıq salan poetik yanaşma tərzi hər zaman oxu­cuları bir ahənrüba kimi özünə çəkib. Yazıçının bir-birindən maraqlı hekayə və povestləri ilk dəfə "Ayın aydınlığın­da" adlı nəsr kitabında işıq üzü görüb. "Qar", "Yanğın", "Şanapipik", "Şeytan", "Duzsuzluq", "Ot" hekayələri M.Süley­manlını oxuculara cəmiyyət problemlə­rini zamanında görüb əks etdirən realist bir nasir kimi tanıdıb. 

Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət edib. "Köç", "Ceviz qurdu", "Səs" romanları çağdaş Azərbaycan romançılığının ink­şafında yeni pillənin parlaq nümunələri­dir. "Köç" romanında Azərbaycan nəsri üçün yeni olan mifik təfəkkür tərzi, türk ruhunun etnoqrafik təsviri və folklorun ən qədim çalarları əks olunub. "Səs" romanı isə sovet cəmiyyətinin son du­rumunu əks etdirən sosial roman kimi maraqla qarşılanıb.

Daim qaynar ədəbi mühitdə olan Mövlud Süleymanlı 17 il Аzərbаycаn Dövlət TeleRаdiо Şirkətinin sədr müа­vini vəzifəsində çalışıb. O həmin müd­dətdə bəbii prosesin, folklorumuzun, etnoqrafiyamızın və digər xаlq yаrаdıcı­lığı örnəklərinin efirdə ardıcıl işıqlandı­rılmasını təmin edib. 

Xalq yazıçısının ürək sözlərini təqdim edirik: 

– Bir ədib kimi mənim yaradıcılığım daim yüksək qiymətləndirilib. Əməkdаr incəsənət хаdimi, Xаlq yаzıçısı adlarına layiq görülmüşəm, bundan əvvəl “Şöh­rət” ordeni ilə təltif edilmişəm. İndi də hörmətli Prezidentimiz “Şərəf” ordeni ilə təltif olunmağım barədə sərəncam im­zalayıb. Dövlətimizin başçısına hədsiz dərəcədə minnətdaram. 

Əlbəttə, bütün bunlar mənə böyük yaradıcılıq stimulu verir. Onu da deyim ki, həyatımın ən böyük sevincini hər bir soydaşım kimi, mən də 2020-ci ilin pa­yızında – rəşadətli ordumuz 44 günlük “Zəfər yürüşü” ilə əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru er­məni işğalından azad edəndə yaşa­dım. Bu Böyük Qələbə həm milli birliyin təntənəsi oldu, həm də bizi dünyaya qa­lib xalq kimi tanıtdı.

Bir daha müzəffər Ali Baş Koman­danımıza dərin təşəkkürümü bildirir və əmin edirəm ki, ömrümün Allahın lütf edəcəyi qalan illərində də öz qələmimlə Azərbaycan milli məfkurəsinin geniş ya­yılmasına, mənəvi dəyərlərimizin yaşa­dılmasına xidmət edəcəyəm.

Uğurlar olsun, Mövlud müəllim! Re­daksiyamızın kollektivi də öz sevimli yazıçısını layiq görüldüyü yüksək dövlət təltifi münasibətilə səmimi təbrik edir, parlaq qələm sahibinə cansağlığı və yeni sənət sevincləri arzulayır. 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Sosial həyat