“Xalq qəzeti” Turan ellərində…

post-img

Hər yerdə “eyni kök” və “ortaq tellər” görürdüm

Xəzərin Şərq sahillərində dəfələrlə olmağıma baxmayaraq – sonuncu dəfə ötən ilin noyabrında Aktau şəhərində olmuşdum – həmin ellərə bir də getmək istəyim bu il mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın materiallarını izləyərkən yarandı. Dövlət başçımız həmin tədbirdə Macarıstanın Beynəlxalq Əlaqələr İnstitutunun tədqiqatçı professoru Vasa Laslonun Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq barədə verdiyi sualı cavablandırarkən dedi ki, Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. 

Yenə də illüminator...

... Xarici səfərə təyyarə ilə gedən həmkar­larımızın böyük əksəriyyəti, bəlkə də hamısı yazıya “illüminatordan baxanda gördüm ki...” ifadəsi ilə başlayır. Əvvəllər bu tendensiyanı qətiyyən bəyənmirdim. Sonra isə gördüm ki, forma eyni olsa da, illüminatordan baxan­da hərə öz gördüyünü məhz orijinal şəkildə qələmə alır. İnanıram ki, mənim də illümi­natordan baxanda gördüklərimi heç kəs bi­lavasitə bu şəkildə yozmayıb. Çünki təyyarə Atırauda enmək üçün dövrə vuranda mən uc­suz-bucaqsız səhraları doğrayan, həm də özü­nün başlanğıcı ilə qurtaracağı gözə dəyməyən nəhəng bir “sarı qılınc” gördüm. 

Həmin qılınc dörd bir tərəfi yaşıllıqlarla əhatə olunan Atıraunu da doğrayıb keçirdi. Bu, Ural çayı idi. Əvvəl elə bildim ki, Günəş yenicə doğur deyə çayın suyunda onun əksi görünür. Amma cəmi iki saatdan sonra məlum oldu ki, türk qardaşlarımızın Ağ çay adlandır­dığı Ural, həqiqətən, sap-sarı, mis rəngində axır və Qazaxıstanın ekologiyasına elə qılınc zərbələri vurur.

Bu barədə çox yazılıb

Yadımdadır, hələ müstəqillik haqqın­da dövlət aktımızdan dörd-beş il əvvəl indi mənim də çalışdığım qəzetin əməkdaşı Hacı Qüdrət Piriyev və həmkarı Elman Qədirov Xəzərin ekoloji problemlərini öyrənmək və qələmə almaq məqsədilə bütün sahilyanı ölkələrdə olmuş və qəzet materialları hazır­lamışdılar. Elə onlar da o zamankı Quryevə (indiki Atırau şəhərinə – İ.M.) neft sənaye­sinin və şimaldan axıb gələn çaylara atılan fabrik-zavod tullantılarının vurduğu ekoloji ziyandan söz açmışdılar. Yazırdılar ki, bu faktlar son anda Xəzərin ekologiyasına ölçü­yəgəlməş dərəcədə mənfi təsir göstərir.

Atırau artıq həmin Quryev deyil 

Qətiyyətlə deyə bilərəm ki, onların qələmə aldıqları problemlərdən bir neçəsi müstəqillik dövründə öz həllini tapmışdır. Atıraunun yüksək səviyyədə yaşıllaşdırılma­sı, tullantı sularının axıdılması üçün kollek­tor-drenajların tam şəkildə təmin olunması, Qazaxıstanın ümumi inkişafına layiq yol inf­rastrukturunun yaradılması, yeni mikrorayon­ların tikilməsi, Ural çayının üstündən yeddi yeni körpünün salınması, dünyaca məşhur olan şirkətlərin əksəriyyətinin burada ofisinin açılması, hər il bir neçə yeni otel kompleksi­nin ərsəyə gəlməsi, müasir iaşə obyektlərinin işə salınması günün reallıqlarındandır. 

Azərbaycan – bərəkallah!

Məni hava limanından otelə aparan tak­sinin sürücüsü Akram adlı, ilk baxışdan səh­radan gəlmiş adam təəssüratı yaradan, qırx beş-əlli yaşlı kişi idi. Haradan olduğumu biləndə uca səslə, sanki məmnunluqla danış­mağa başladı:

– Azerbaydjan – razvitiya, vot tak! – deyə baş barmağı ilə “əla!” işarəsini göstərdi. 

– Qazaxıstan da sürətlə inkişaf edir – dedim. 

– Əlbəttə, Qazaxıstan da inkişaf edir. Özü də sürətlə. Ancaq Qazaxıstan müharibədə ol­mayıb axı. Azərbaycan otuz illik müharibə il­lərində də inkişaf edib, müharibədən sonra da. 

– Sən bu faktları haradan bilirsən? 

– Qardaşım tez-tez Bakıya gedib –gəlir. Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Olim­piya stadionu, Büllur saray... Azərbaycan – Bərəkallah!

Gül, ay gözəl, mən qocaya bir də gül...

Qətiyyən ağlıma gələ bilməzdi ki, bir də­nizin üstündən iki dəfə keçib, iki dəfə təyyarə dəyişib zəhərli bir çayın sahilində dayanaca­ğam və rastlaşdığım məqam Dədə Şəmşirin bir qoşmasını yadıma salacaq. 

Şəhər o qədər də böyük olmadığına görə bir çox yerlərə piyada gedirdim. Elə Ak Ja­yık (Ural çayı) üzərindəki “üçüncü körpü”­nün yanına da piyada getdim və pilləkənləri enərək sahilə, ovcumla su götürə biləcəyim yerə düşdüm. Bizim tərəflərdə – Qafqazın cənub yamacında dağdan axıb gələn çayların suyunu ovcuna götürürsən, su axıb qurtaranda əlində az da olsa qum qalır. Uralın suyundan isə əlimdə qum qalmadı. Eləcə, sap-sarı, mis rəngində su idi. 

Sahildə mənə ən yaxın olan 18-19 yaşlı iki qız idi. Telefona baxıb gülə-gülə nə isə da­nışırdılar. Suyuşirin qızlar idilər. Ürəyimdən keçdi ki, heç kəsi bəyəndirə bilmədiyimiz su­bay oğlum bunları görəydi. Telefonumu verib xahiş etdim ki, çay ilə mənim şəklimi çəksin­lər. Əlavə etdim ki, mən Azərbaycandanam və bizim xalqlarımız qardaşdılar. 

Qızların biri gülümsəyərək dedi: – Qa­zax, özbək, türkmən, qırğız və azərbaycanlı­ların qardaş olduğunu bilməyən varmı?

Təqdimatımdan utandım və aşığın “Gül, ay gözəl, mən qocaya bir də gül” ifadəsi ilə özümə təsəlli tapdım. Özümə gələndən sonra isə fikirləşdim ki, o qızın sadaladığı siyahıda Anadolu türkləri niyə yada düşmədi? 

Arabaçıyam, abi, arabaçı...

Hələ çar dövründən – rusların bu əraziləri işğal etdiyi illərdən çay məcrasının “N” hərfi şəklində əyilərək üç dəfə doxsan dərəcəli bu­caq yaratdığı yerdə, elementar da olsa, hər tərəfindən su axan istirahət yeri salınıbmış. Sovet dönəmində ora xeyli inkişaf etdirilib. Müstəqillik dövründə isə həmin ərazi “Retro park” adı ilə yenidən qurulub və mükəmməl bir əyləncə – istirahət yerinə çevrilib. Ora getmək istədim. 

Hələ ötən il, Aktauda olanda eşitmişdim ki, minik avtomobillərinin üstündə taksi işarə­si olmasa da, hər iki maşından biri taksidir. İlk maşına işarə etdim, saxladı. Sürücü sanki akt­yor Hacı İsmayılovun əkiz qardaşı idi. Amma ondan bir az cavan olardı. Adı Rais idi.Təbii ki, rusca danışdıq və o, mənim azərbaycanlı olduğumu biləndə Anadolu türkcəsinə keçdi. 

Soruşdum ki, Türkiyədə oxumusan? Dedi: Yox, orada işləmişəm. 

– Türkiyədə nə işə baxırdın? 

– Arabaçıyam, abi, orada da arabaçı olmu­şam, burada da arabaçıyam. 

Sağ ol, Zulfiya!

Qazaxıstanlı jurnalistdən “ Azərbaycanın pandemiya dövründəki fəaliyyətini heç kəs unuda bilməz” ifadəsini eşitmək mənim üçün məmnunedici idi. 

Atırauda olduğum günlərdə “Ak Jayık” ( “Ağ çay”) qəzetinin müxbiri Zulfiya İskalıye­va ilə də söhbət etdik. Həm sosial şəbəkələr­də, həm də çalışdığı redaksiyada məhz türk fəallığı göstərən bu xanım həmkarımız böyük bir şirkətin piar meneceri kimi də fəaliyyət göstərirdi. Qısa söhbətdən sonra məlum oldu ki, onun nəinki Qazaxıstanda, hətta bütövlük­də regiondakı problemlərin hamısı haqqında məlumatı var.

Soruşdum ki, “Ak Jayık”da vəziyyət ne­cədir, zamanla ayaqlaşa bilirsinizmi?

Dedi: 

– İndi dünyanın hər yerində yazılı mətbu­atın həm tirajı aşağı düşür, həm də oxucusu azalır. Ancaq həqiqi mətbuat təəssübkeşləri öz qəzetlərini belə vəziyyətdə də yaşatma­ğı bacarmalıdırlar. Biz buna çalışırıq və nail oluruq. Yəni qələmə aldığımız xəbərin və ya məqalənin əsaslandırılmasını təmin etməli, qərəzçilikdən uzaq olmalı, obyektivliyi qo­rumalı, hansısa qütbün mənafeyinin qorun­masına yol verməməməliyik. Belə olsa, bizi oxuyacaqlar. Müstəqil qəzetlər üçün isə, bu, daha ciddi vəzifədir. 

– Mən internetdə qəzetinizin bəzi səhifələ­rinə baxdım. Siz, deyəsən, daha çox şəhərin yaşıllaşdırılması məsələlərindən yazırsınız. 

– Tam elə deyil. Ancaq həmin məsələlərin işıqlandırılmasında xeyli təcrübəm var. Bildi­yiniz kimi, müstəqil Qazaxıstana çox ağır eko­loji problemlər qalmışdır. Ancaq dövlətimiz həmin problemləri ardıcıllıqla, mərhələ-mər­hələ aradan qaldırır. Biz mətbuat təmsilçiləri də həmin prosesə ciddi dəstək veririk. 

– Siz keçən il maraqlı adı olan bir medal­la təltif olunmusunuz. Təbrik edirik!

– Bu, pandemiya dövründəki fəaliyyətimlə bağlı idi. 2020-ci ilin iyun ayında cənab Prezi­dent Kasım-Jomart Tokayev dövlət müstəqil­liyimizin 30 illiyi münasibətilə belə bir medal təsis etmişdi. Həkimlərin, könüllülərin, xeyriy­yəçilərin, müəllimlərin, polislərin, fövqəladə hallar mütəxəssislərinin və başqalarının təltif olunduğu həmin medal 29 jurnalistə də təqdim edilmişdi. Mən pandemiya dövründəki fəaliy­yətimə görə təltif olunmuşdum. 

– Qazaxıstanda koronavirusa qarşı çox ciddi mübarizə aparıldığı barədə oxumuşdum. 

– Biz həmin mübarizəni Qazaxıstan miq­yasında apardıq. Azərbaycan isə sədrlik etdi­yi Qoşulmama Hərəkatı çərçivəsində bütün dünyada COVID-19-a qarşı fəallıq göstərdi. Bunu heç kəs dana bilməz.

Bax, belə. “Xalq qəzeti”nin Turan ellə­rinə səfərindən hazırlanmış dördüncü yazı da qardaş xalq təmsilçisinin təəssübkeşlik dolu fikirləri ilə başa çatdı. 

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti” 

Atırau şəhəri, Qazaxıstan

Sosial həyat