Sosial müdafiə: uğurlar, vəzifələr

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə verdiyi tapşırıqlara uyğun olaraq, sosial islahatların davam etdirilməsi, yeni sosial paketin hazırlanması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iyulun 27-də nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Nazir “Böyük Qayıdış”a dair Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülmüş vətən­daşların aktiv məşğulluq tədbirlərinə cəlb edilməsinin prioritet istiqamətlər­dən biri olduğunu vurğulayıb. Məşğul­luğun təmin edilməsində isə peşə ha­zırlığı kursları mühüm rol oynayır.

Digər prioritet istiqamət kimi həmin ərazilərdə sosial infrastruktur layihələ­rinin həyata keçirilməsi mühüm şərt­dir. Bu istiqamətdə Cəbrayılda DOST mərkəzinin və Peşə hazırlığı mərkəzi­nin, Kəlbəcərdə Reabilitasiya mərkə­zinin və digər işğaldan azad edilmiş rayonlarda DOST filiallarının yaradıla­cağı diqqətə çatdırılıb.

S.Babayev Naxçıvan Muxtar Res­publikasında sosial sahədə idarəçilik və xidmətlər sistemində yeniliklərin tətbiqi, sosial infrastrukturun müasir tələblərə uyğun qurulması, sosial xid­mətlərin əlçatanlığının artırılması is­tiqamətində hədəfləri qeyd edib. 

İclasda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial tə­minat sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması, aktiv məşğul­luq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib. Bildirilib ki, əmək müqavilələrinin sayı ilin əvvəlinə nis­bətən 1 faiz və ya 18 min 500 müqavilə artaraq 1 milyon 765 minə çatıb, əmək­haqqı fondunda 10 faiz artım qeydə alı­nıb. 171 min 600 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub, o cümlədən 6 min 800 nəfər özünüməşğulluq proq­ramına, 2 min 800 nəfər ödənişli ictimai işlər proqramına cəlb olunub.

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri proqnozla müqayisədə 197 milyon manat çox olmaqla, 3 milyard 271 milyon manat, xərcləri 418 milyon manat çox olmaqla, 3 milyard 9 milyon manat təşkil edib. Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yar­dımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 695 milyon manat və ya 21,4 faiz çox olmaqla 3 milyard 900 milyon manat ödənilib.

Pensiyaların orta aylıq məbləğinin 18 faiz artaraq 433 manata, o cümlə­dən yaşa görə pensiyaların orta aylıq məbləğinin 17 faiz artaraq 466 manata çatdığı bildirilib.

İclasda sosial müdafiə və aktiv məşğulluq, ödənişli ictimai işlər proq­ramlarının icrası, əmək qanunvericili­yinə və digər sahələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat