Azərbaycan genişmiqyaslı antitterror əməliyyatı keçirə bilər

post-img

“Ermənilərin Xankəndində aksiya keçirməsi, Ağdam yolunu bağlamaq üçün yürüş etməsi ciddi səhvdir və bu addım onların özünün ziyanına işləyəcək”. 

Bu sözləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Xalq qəzeti”nə açıqlamasında söyləyib.

Onun sözlərinə görə Rusiya sülhməramlılarının dəstəklədiyi separatçı-terrorçular bu cür aksiyalarla erməni əhalisini uçuruma aparırlar. M.Göyüşlü bildirib ki, Qarabağdakı ermənilər üçün çıxış yolu Azərbaycanın təklifi ilə razılaşmaq, ölkə vətəndaşlığını qəbul etmək, dinc həyatına davam etməkdir.

Siyasi şərhçinin dediyinə görə, Arutunyan-Vardanyan cütlüyü Qarabağ ermənilərini blokadaya almaqla onları Azərbaycana qarşı qaldırmağa, bununla da vəziyyətin nəzarətdən çıxmasına çalışırlar: “Qarabağda vəziyyətin guya kritik olmasına diqqət çəkməklə separatçılar Azərbaycana qarşı beynəlxalq təzyiq yaratmağa və istəklərinə nail olmağa çalışırlar. Separatçıların keçirdikləri aksiyalar çıxış yolu deyil. Ağdam-Əsgəran yolunu bağlayaraq buradan daxil olacaq təminatın qarşısını almaq problemin uzanması, durumun gərginləşməsinə xidmət edir. Atəşkəsi pozmaq, ərazini minalamaq, qeyri-qanuni fəaliyyətləri artırmaq ermənilərin özü üçün çətinliklər yaradır. Azərbaycan hələ ki, olanları səbrlə qarşılayır. Amma əgər belə davam edərsə, Azərbaycan ordusu genişmiqyaslı antiterror əməliyyatı keçirə və problemi kökündən həll edə bilər. Ona görə də separatçı və radikal ermənilərə məsləhətimiz budur avantürist davranışlardan əl çəksinlər və rəsmi Bakının təkliflərini qəbul etsinlər”.

Anar ƏLİ,

“Xalq qəzeti”

Sosial həyat