İslam aləminin fəxr etdiyi dahi

post-img

Azərbaycanın ümummilli lideri Heydər Əliyev İslam aləmində çox nadir şəxsiyyətlərə nəsib olan mənalı və zəngin həyat yolu keçib, siyasi arenada ən yüksək zirvələri fəth edib. O, tarixdə müsəlman xalqlarının fəxr etdiyi dövlət xadimi və siyasətçi kimi qalacaq.

Bu fikirləri Misirin Benya Universitetinin professoru Abdel Rəhman Saad söyləyib. O bildirib: “Heydər Əliyevin 1994-cü ildə Qahirəyə səfəri zamanı Misirin mərhum Prezidenti Hüsnü Mübarəklə görüşünü yaxşı xatırlayıram. Bizim dövlətimiz Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanısa da, ikitərəfli əlaqələr məhz həmin görüşdən sonra inkişaf etməyə başladı, bundan sonra qarşılıqlı səfərlər həyata keçirildi. 2021-2022-ci illərdə Azərbaycana səfər etmiş Misirin xarici işlər nazirinin müavini Mehdi Fəthalla və dövlət naziri xanım Faizə Əbu ən-Nəcə yerli qəzetlərə müsahibəsində Heydər Əliyevlə görüşdən sonra ən xoş təəssüratlarını bölüşmüşdülər.

Hazırda Qalyubiyyə vilayətində dahi siyasi xadimin adını daşıyan park və onun burada ucaldılmış abidəsi, həmçinin orta məktəb ölkələrimizin və xalqlarımızın dostluğunun rəmzinə çevrilib”.

Ulu öndər Heydər Əliyevin xatirəsinin digər ərəb ölkələrində də əziz tutulduğunu qeyd edən misirli professor deyib: “Ərəb ölkələrinin liderləri Heydər Əliyevin zəngin siyasi təcrübəsinə valeh olurdular. Onun Səudiyyə Ərəbistanına səfəri, müqəddəs məkanları ziyarət etməsi bütün İslam aləmində rəğbətlə qarşılandı. 

Mən Azərbaycanın Qahirədəki səfirliyində təşkil olunan tədbirlərdə mütəmadi iştirak etmişəm və hər dəfə azərbaycanlıların öz milli liderinə, onlara qüdrətli dövlət bəxş edən dahi şəxsiyyətə necə yüksək ehtiram göstərdiklərinin şahidi olmuşam. Bu gün ölkənizin əldə etdiyi nailiyyətlər, ən əsası, 2020-ci ilin müharibəsində qazanılan Qələbə və ərazilərin işğaldan azad edilməsi Heydər Əliyevin layiqli varisi İlham Əliyevə miras qoyduğu müdrik siyasi kursun nəticəsidir”.

 

"Xalq qəzeti"

 

Sosial həyat