Sahil Babayev: İşəgötürənlər üçün stimul yaratmalıyıq

post-img

Dünyada bir neçə əmək münasibətlərinin tənzimləməsi sistemi var. Biri anqlo-sakson modeldir. Yəni, işə götürənə üstünlük verən modeldir. İkinci model daha çox Avropa ölkələrində üstünlük verilən modeldir. Bu, daha çox işçinin hüquqlarının qorunması ilə səciyyələnən modeldir. Bizim də hüquq sistemimizin postulatları roman-german sistemindən götürüldüyünə görə daha çox sosial yönümlüdür. Bunun, əlbəttə, çox müsbət tərəfləri var. İşçilərin hüquqlarının qorunması baxımından effekt verən tərəflərə sahibdir. Eyni zamanda, bu, bəzən problemlər də yaradır. 

Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən İnsan Resursları Zirvəsi çərçivəsində moderatorun suallarını cavablandırarkən bildirib. 

Nazir bildirib ki, işə götürən üçün hansısa işçini işdən kənarlaşdırmaq çox çətin olur və bir çox hallarda o işçiləri sadəcə əmək müqaviləsi imzalamadan işlədir. Yəni, qeyri-formal məşğulluğa üstünlük verir. Bu, sosial modelin yaratdığı fəsadlardan biridir. Bu da özəl sektorun genişlənməsinə müəyyən qədər çətinlik yaradır. Amma digər tərəfdən, biz işəgötürənin mövqeyini müdafiə edən bir sistemə keçdikdə də ənənəvi olaraq formalaşmış əmək  münasibətlərindən irəli gələrək kütləvi şəkildə işçilərə qarşı haqsızlıq da edə bilərik. Ona görə bu balansın tutulması hər zaman çox önəmlidir. 

Bizdə hazırda əmək münasibətlərinin tənzimlənməsi triportizm prinsipindən irəli gəlir. Burada dövləti təmsil edən tərəf kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çıxış edir. İşəgötürənləri Sahibkarlar Konfederasiyası, işçilərimizi isə Həmkarlar İttifaqı Konfederasiyası təmsil edir. Biz üç qurum birlikdə bu balansı tapmağa çalışırıq. O balans imkan verəcək ki, həm işçilərin hüquqları qorunsun, həm işəgötürənlərimiz üçün stimul olsun, işçi yeri artırılsın, əmək haqları artırılsın və digər addımlar reallaşdırılsın. Bu balansın düzgün tapılması yeni hədəflərmizdən biridir. 

S.Babayev qeyd edib ki, yeni istiqamətlərdən biri də işəgötürənlərlə işçi arasında sözügedən balansın düzgün təsbit olunmasından gedir. Bu gün Azərbaycanda qeyri-formal məşğulluq kifayət qədərdir. İşəgötürənlər üçün stimul yaratmalıyıq. Bu da həmin balansın düzgün tənzimlənməsindən asılıdır. 

Anar ƏLİ,

“Xalq qəzeti”

 

Sosial həyat