Milli Qəhrəman Əlif Lətif oğlu Hacıyevin anım tədbiri keçirilib

post-img

Azərbaycan Hərb Tarixi Muzeyində Milli Qəhrəman Əlif Hacıyevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş “Unudulmaz qəhrəman” adlı anım tədbiri keçirilib.
Tədbirdə şəhid mayor Əlif Hacıyevin ailə üzvləri, Müdafiə Nazirliyinin idarə və müəssisələrindən nümayəndə heyəti, Vətən müharibəsi iştirakçıları, qazilər iştirak ediblər.

Tədbirdə muzey rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Vətən uğrunda qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş zabit və əsgərlərimizin xatirəsinin xalqımızın yaddaşında həmişə yaşayacağını bildirib. O qeyd edib ki, igidliyinə görə qürur hissi keçirdiyimiz Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin keçdiyi həyat və döyüş yolu əsl qəhrəmanlıq nümunəsidir: “Xocalı soyqırımından əvvəl hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər aeroportu ələ keçirməyə cəhd ediblər. Bunun üçün Xankəndidən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Ermənilər hava limanını mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman aeroportda cəmi 30-a yaxın əməkdaş var idi. Əlif Hacıyevin idarəçiliyi ilə döyüşçülərimiz hava limanını əldən verməmişdilər.
1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərmişdilər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. Ağır döyüşlərdə Əlif Hacıyev də düşmən gülləsinə tuş gələrək həlak oldu”.

Bu gün Bakı şəhərindəki küçələrdən biri ölməz qəhrəmanın adını daşıyır. Əlif Hacıyev yaşasaydı, iyunun 24-də 70 yaşını qeyd edəcəkdi, ancaq şəhidlik məqamına ucalanda qəhrəmanın 39 yaşı vardı. Xalqımızın yaddaşında igidliyi, fədakarlığı ilə əbədilik qazanmış Vətən oğlu həmişə ölkəmizdə hörmət və qürur hissilə xatırlanacaq. 

Tədbirdə Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş “Xocalının Əlifi” adlı sənədli film nümayiş olunub. Bədii hissədə Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.





Sosial həyat