Torpağın bar verən vədəsidir

post-img

Ağcabədidə taxılçılıq, pambıqçılıq və baramaçılığın inkişafına xüsusi diqqət yetirilr. Bununla əlaqədar rayon icra hakimiyyətində (RİH) yığıncaq keçirilib. Tədbirdə RİH aparatının məsul işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər iştirak ediblər.

Toplantıda RİH-in başçısı Rafil Hü­seynov qeyd edib ki, ölkəmizdə, o cüm­lədən rayonda pambıqçılığın və bara­maçılığın inkişafı əsas yer tutur. Çünki bu sahələr həm gəlirlidir, həm də yeni iş yerlərinin açılması deməkdir.

Rayon rəhbəri mövsümün barama tədarükü ilə bağlı bildirib ki, məhsul təh­vilində yüksək nəticə əldə edilib və ötən ilin göstəriciləri təkrarlanıb. Məhsul təhvi­lində Ağcabədi şəhəri, Pərioğullar, Cəfər­bəyli, Boyat, Hacıbədəlli kəndləri daha çox fərqləniblər. Rayon rəhbəri buna görə məhsul təhvilində fərqlənən bir qrup fəal kümçünü fəxri fərmanlarla təltif edib.

Sonra kümçülərin qarşılaşdıqları problemlər müzakirə olunub, aidiyyəti şəxslərə tapşırıqlar verilib. Qeyd olunub ki, ipəkqurdu saxlayan kümçülərlə mütə­madi olaraq görüşlər keçirilsin, onlara lazımi dəstək göstərilsin. Rayon rəhbə­ri, eyni zamanda, pambıq istehsalında məhsuldarlığın artırılması ilə bağlı da tapşırıqlarını verib. 

Yeri gəlmişkən, ölkə ərazisində baş verən təbiət hadisələri əkin sahələrində çətinliklər yaratmasına baxmayaraq, yük­sək məhsul əldə edilməsi gözlənilir. Bu­nun üçün pambıq sahələrinə aqrotexniki qulluq göstərilməli, suvarılma diqqətdə saxlanılmalıdır.

Yığıncaqda, həmçinin qarşıdan gələn taxıl biçininə hazırlıqdan, taxıl biçən kombaynların vəziyyətindən, biçinin qısa müddətdə və itkisiz başa çatdırılmasın­dan da söz açılıb. Bildirilib ki, biçin zama­nı əkin sahələrində təhlükəsizlik qaydala­rına ciddi əməl edilməlidir.

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri



Sosial həyat