Kommunal xidmətlərin səviyyəsi ilə bağlı sorğu

post-img

Sosial Tədqiqatlar Mərkəzi (STM) vətəndaşların kommunal xidmətlərlə təminatına dair rəylərini öyrənmək məqsədilə sorğu keçirib. Sorğu çərçivəsində respondentlərdən yaşadıqları mənzildə kommunal xidmətlərin mövcudluq vəziyyəti və davamlılıq səviyyəsi soruşulub.

Sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Ümumi nəticələrə əsasən, sorğuda iştirak edənlərin 99.7 faizi elektrik enerjisinin, 93.5 faizi təbii qazın, 88.6 faizi içməli suyun və 65.5 faizi kanalizasiyasının mövcud olduğunu bildirib. Qeyd edək ki, sonuncu göstərici xəttin aidiyyəti qurum, yaxud vətəndaş tərəfindən çəkilməsindən asılı olmayaraq, nəticəni əks etdirir. 

Elektrik enerjisi üzrə təminat respondentlərin 92.7 faizi tərəfindən daimi, 7.0 faizi tərəfindən fasiləli olaraq qiymətləndirib. Respondentlərin 0.3 faizi elektrik enerjisinin olmadığını bildirib. Kənd ərazi vahidlərində məskunlaşan respondentlərin 90.0 faizi, qəsəbədə məskunlaşanların 90.5 faizi, şəhərdə məskunlaşanların 94.8 faizi elektrik enerjisinin fasiləsiz olduğunu qeyd edib. Sorğu iştirakçıları arasında elektrik enerjisinin fasiləli olduğunu bildirənlər əsasən Qazax-Tovuz iqtisadi rayonunda yaşayan respondentlər olub.

Təbii qazla təminatın daimi olduğunu bildirənlər 89.9 faiz, fasilələrlə olduğunu qeyd edənlər 3.6 faiz təşkil edib. Respondentlərin 6.5 faizi təbii qazın mövcud olmadığını ifadə edib. Kənd ərazi vahidlərində yaşayan respondentlərin 79.2 faizi, qəsəbələrdə məskunlaşanların 88.1 faizi, şəhərdə yaşayanların 96.2 faizi qaz təminatının fasiləsiz olduğunu bildirib.

Sorğu iştirakçıları arasında qaz təminatını müqayisə etibarilə aşağı qiymətləndirənlər Şəki-Zaqatala iqtisadi rayonunda yaşayan respondentlər olub.

İçməli su təminatı ilə bağlı olaraq, sorğuda iştirak edənlərin 71.2%-i təminatın daimi, 17.4%-i fasiləli olduğunu qeyd edib. Respondentlərin 11.4%-i içməli suyun, 34.5%-i kanalizasiyanın mövcud olmadığını bildirib. Kənd ərazi vahidlərində yaşayan respondentlərin 68.5%-i, qəsəbədə məskunlaşanların 57.1%-i, şəhərdə yaşayanların 75.6%-i su təminatının fasiləsiz olduğunu ifadə edib. Həmçinin kənd ərazi vahidləri üzrə iştirakçıların 28.5%-i, qəsəbə üzrə 61.9%, şəhər üzrə 88.7%-i kanalizasiya xəttinin olduğunu bildirib.

Sorğu iştirakçıları arasında su təminatının fasiləli olduğunu bildirənlər əsasən Mil-Muğan və Quba-Xaçmaz iqtisadi rayonunda yaşayanlar olub. Kanalizasiya xəttinin mövcudluğu Bakı və Abşeron-Xızı iqtisadi rayonu üzrə sorğu iştirakçılarının 91-93%-i tərəfindən qeyd olunarkən, regionlar üzrə bu göstərici təqribən 50-52%-ə bərabərdir.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Sosial həyat