Dünən Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının bağlanış mərasimi keçirilib. Mərasimdən sonra Türkiyə Taekvondo Federasiyasının Prezidenti Mətin Şahin "Xalq qəzeti"nə açıqlama verib.
O deyib: "Allaha şükürlər olsun ki, bu gün Türkiyə tarix yazır. Bu, Türkiyə Taekvondo Federasiyasının tarixində bir ilkdir. Daha öncə də çempionluqlarımız olub. Bundan əvvəl də qızıl medallar qazanmışıq. Lakin bu gün bir ilk baş verdi. Bakıda dünya çempionu olduq. Bundan ötəsi yoxdur. Çünki 145 ölkənin yarışa qatıldığı ən güclü rəqiblərin içərisində Türkiyə bu uğura nail oldu və üç qızıl, üç bürünc medal əldə etdi. Bundan başqa Türkiyə qadın taekvondoçuların yarışında dünya çempionu titulunu qazandı. Bu, bizim üçün çox önəmli idi. İlk dünya çempionluğu Mərvə Dinçərlə başladı və ardınca davam etdi. Milli komandanın üzvləri Nafiye Kuş, kişilərdə Hakan Recber və digər taekvondoçularımızın qazandığı bürünc medallarla seriya sonacan davam etdi. Bu gün biz çox sevinc hissi keçirdik. Həddindən çox qürurvericidir ki, qardaş ölkə Azərbaycanda bu çempionluğu yaşayırıq. Bütün bunlar isə çox böyük səbr və əmyin bəhrəsidir”.
Şahin qeyd edib ki, dünya çempipnatının ən yaxşı qadın taekvondoçusu da Türkiyə qadın millisinin üzvü Merve Dinçer seçilib. Ən yaxşı qadın taekvondo yığmasının baş məşqçi də Ali Şahin seçilib: “Mən onları təbrik edirəm. Türkiyə millisi həqiqətən də çox böyük bir nailiyyətə imza atdı. Həfəfimiz 2024 Paris Olimpiya Oyunlarıdır. İnşallah, orada da böyük nailiyyətlər qazanacağımıza inanıram".
Elçin ABBASOV,
"Xalq qəzeti"