“Ağsaqqal sözünə ehtiyacımız var...”

post-img

          Seymur Orucovun üzünü qarşı tərəfdə əyləşmiş  ağsaqqallara tutaraq dediyi bu sözlər həmin an görüşdə sanki bir canlanma, ünsiyyət, səmimiyyət yaratdı.        Əslində rayon rəhbərinin Ağstafa ağsaqqaları ilə ilk görüşü deyildi bu. Sadəcə şəhərin Səməd Vurğun adına mədəniyyət və istirahət parkında  keçirilən bu dəfəki  görüş Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişinin 30 illiyi ərəfəsində olduğundan onun ruhuna xüsusi təmtaraq qatılmışdı.         

          Seymur Orucov çıxış edərək dedi ki, ağsaqqal cəmiyyətimizdə hər zaman yüksək hörmət və nüfuz sahibidir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə özünün ağsaqqallara, yaşlı nəslə münasibəti, hörmət və izzəti ilə bir örnək olub, daim nümunə göstərib, onların problemlərinə və qayğılarına laqeyd qalmayıb, vaxtaşırı dinləyib, məsləhətlərinə qulaq asıb. 

          İcra hakimiyyətinin başçısı dedi ki, cənab prezidentimiz İlham Əliyev də, Mehriban xanım Əliyeva da daim ağsaqqal sözünə hörmətlə yanaşıblar, yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi üçün çox işlər görüblər və bu gün də görürlər.

          Görüşdə çıxış edən ağsaqqallar yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışdılar, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində hər zaman böyük dəstək verdiklərini diqqətə çatdırdılar. Həmçinin, ölkəmizdə hökm sürən sülhə, əmin-amanlığa, əhalinin sosial rifah halının daim diqqətdə saxlanılmasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

 

                  Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri, Ağstafa rayonu.

 













Sosial həyat