Azərbaycanda “Elektron məhkəmə” sisteminin tətbiqinə yekun vuruldu

post-img

         Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları müasir çağırışlara uyğun davam edir, bu sahədə beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı ilə səmərəli əməkdaşlıq edilərək uğurlu layihələr həyata keçirilir.

          Dövlət başçısının ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, məhkəmə fəaliyyətinin elektronlaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Dünya Bankının iştirakı ilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə əməli işlər görülüb və e-məhkəmənin bütün respublika üzrə tam tətbiqi başa çatdırılıb.

          Bu münasibətlə Şəmkir Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin ölkə üzrə tam tətbiqinin yekun mərasimi keçirilib.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda idarəçilik departamentinin müdiri Daniel Boyce, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Ədliyyə Nazirliyinin və Dünya Bankının aidiyyəti rəhbər işçiləri, yuxarı və birinci instansiya məhkəmələrinin sədr və hakimləri, regional və yerli ədliyyə qurumlarının məsul əməkdaşları, prokurorlar, vəkillər, hüquq mühafizə orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyəti institutları və mediatəmsilçiləri iştirak ediblər. Digər aidiyyəti məhkəmələr tədbirə videokonfrans formatında onlayn qoşulublar.

          Əvvəlcə ümummilli lider Heydər Əliyevin Şəmkir rayonunda abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. Dünya Bankı ilə birgə və dövlət büdcəsi hesabına inşa edilmiş müasir məhkəmə binaları və komplekslərinə dair stendlərlə tanış olunub. Şəmkir Rayon Məhkəməsinin “Elektron məhkəmə” sisteminə rəmzi düymə basılaraq qoşulması ilə bütün respublika üzrə bu sistemin tam tətbiqi təmin edilib.

          Mərasimdə Dünya Bankı ilə ədliyyə sahəsində həyata keçirilən birgə layihələr və əldə olunan nailiyyətlər barədə məlumat verilib, əməkdaşlığa və məhkəmə-hüquq islahatlarına dair videoçarx nümayiş etdirilib.

          Çıxış edən nazir bildirib ki, tədbirin 100 illiyini qeyd etdiyimiz ümummilli liderin xalqın tələbi ilə hakimiyyətə qayıdışının və Milli Qurtuluş Gününün 30-cu ildönümünə təsadüf etməsi onu ikiqat əlamətdar edir. Dahi şəxsiyyətin misilsiz xidmətlərindən və xilaskarlıq missiyasından bəhs edilərək, demokratik hüquqi dövlət quruculuğunda, yeni 3 pilləli müstəqil məhkəmə-hüquq sisteminin bərqərar edilməsində müstəsna rolu vurğulanıb.

          Nazir Ulu Öndərin yolu ilə gedən müasir Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli tərəqqisini, ölkəmizin nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının Doing Business hesabatlarında yüksək reytinqlərə nail olduğunu qeyd edib, müasir çağırışlara uyğun aparılan məhkəmə-hüquq islahatlarından, bu sahədə Dünya Bankı ilə səmərəli əməkdaşlıqdan danışıb.

Bildirib ki, dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların mütərəqqiliyi nüfuzlu beynəlxalq qurumların, o cümlədən Dünya Bankının diqqətini cəlb edib. Bununla əlaqədar Dünya Bankı dəstək göstərmək təşəbbüsü irəli sürərək 2006-cı ildən ədliyyə sahəsində birgə uğurlu layihələr həyata keçirilib və mühüm nailiyyətlər əldə olunub.

          Dünya Bankının departament müdiri D.Boyce çıxış edərək “Elektron məhkəmə” sisteminin ölkə üzrə tam tətbiqi münasibətilə Azərbaycanı təbrik edərək mürəkkəb bir prosesin uğurla həyata keçirilməsini böyük və tarixi nailiyyət kimi dəyərləndirib. Bildirib ki, bəzi dövlətlərdə ədliyyə sisteminin müasirləşdirilməsi prioritet olmadığı halda, Azərbaycanda bu sahədə çox böyük işlər görülüb.

          Tədbir çərçivəsində ədliyyə naziri tərəfindən Dünya Bankının təmsilçiləri ilə keçirilmiş ikitərəfli görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, qonaqlar qarşılıqlı fəaliyyətin davam etdirilməsi ilə bağlı niyyətini ifadə edib, Azərbaycanın hüquq sistemindəki təcrübəsinə beynəlxalq aləmdə böyük maraq olduğunu bildirərək Bank tərəfindən ölkəmizin nailiyyətləri barədə digər dövlətlərdə təqdimatların keçirilməsini qeyd ediblər.

 

                           Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri, Şəmkir

 

 

 

 













Sosial həyat