Ötən gün axşam saatlarından başlayan güclü külək və intensiv yağışlar Şəmkir rayonunun bir sıra kəndlərində fəsadlar törədib.
Şəmkir RİH-dən və rayon fövqaladə hallar komissiyasından aldığımız məlumata əsasən, daha çox avtomobil yoluna, elektrik və qaz xətlərinə, rabitə təsərrüfatına qismən zərər dəyib.
Gecə saatlarından Şəmkir RİH yanında Fövqaladə Hallar Komissiyası, FHN-nin Gəncə Regional Mərkəzi, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsi, 25 saylı Yol İstismar İdarəsi və digər aidiyyəti qurumların əməkdaşları, eləcə də texnikalar dərhal hadisə yerinə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Hazırda rayonun 4 yaşayış məntəqəsi istisna olmaqla bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunub. Eyni zamanda, sel suları nəticəsində zərər görmüş avtomobil yolları təmizlənib.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri, Şəmkir