Tbilisidə Azərbaycanın Müstəqillik Günü

post-img

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə  Müstəqillik və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil olunub.


Tədbirdə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili, müdafiə nazirinin birinci müavini xanım Lelo Çikovani, Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri, parlamentin deputatları, elm, ictimaiyyət nümayəndələri, din xadimləri, Türkiyənin səfiri Ali Kaan Orbay, eləcə də Gürcüstanda akkreditə olunan diplomatik korpusun əməkdaşları və soydaşlarımız iştirak ediblər.
Səfir Faiq Quliyev deyib ki, cari il Azərbaycan və Gürcüstan dövlətlərinin, eyni zamanda, bölgəmizin tarixi üçün çox əlamətdardır. 105 il əvvəl, 1918-ci ilin mayın 26-da Gürcüstanın dövlət müstəqilliyi bəyan edilib. Ondan iki gün sonra, mayın 28-də isə Azərbaycan öz qədim dövlətçilik ənənələrinə yenidən qovuşmuş, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması barədə İstiqlal Bəyannaməsi qəbul edilmişdir.
Qeyd olunub ki, AXC-nin mövcud olduğu 23 aylıq qısa müddət ərzində bir çox mühüm nailiyyətlərə imza atılıb.
Diplomat ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, bununla belə, müstəqilliyin ilk illərində bir çox çətinliklərlə üzləşdiyini qeyd edib. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti sayəsində Azərbaycanın dayanıqlı inkişafının təmin olunduğunu vurğulayıb. Bildirib ki, əsası ümummilli liderimiz tərəfindən qoyulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin hərtərəfli inkişafı istiqamətində böyük nailiyyətlər əldə olunub.
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili çıxış edərək Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. O, əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin rolunu xüsusi vurğulayıb. Sonra Gürcüstan müdafiə nazirinin birinci müavini xanım Lelo Çikovani çıxış edərək Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın inkişafını xüsusi qeyd edib.


Nizami MƏMMƏDOV,
Əməkdar jurnalist

Sosial həyat