Bəzi insanlar öz normal görünüşlərini bəyənmir və fotoşəkillərinə fərqli proqram vasitələri ilə düzəlişlər edərək, sosial media platformalarında yerləşdirirlər. Hətta dünyada 200 milyon dəfədən artıq yüklənmiş “FaceTune” adlı proqrama abunə olmaq üçün ödəniş edənlər də az deyil.
Əvvəl yalnız fotoşəkillər üzərində dəyişikliklər edə bilən bu proqram indi qısa selfi videoları üçün də yeni versiyasını istifadəyə verib. Tətbiq istifadəçilərə üz görünüşlərində incə dəyişikliklər etməyə– qırışları hamarlaşdırmağa və ya alternativ olaraq görünüşlərini tamamilə dəyişdirməyə imkan verir. Bu proqram vasitəsilə insanlar üzlərini daralda, gözlərinin formasını və ölçüsünü dəyişdirə və ya özlərinə rəqəmsal burun əməliyyatı da edə bilərlər.
Qeyd edək ki, İsrailin “Lightricks” firmasına məxsus proqramdan əldə olunan ümumi gəlir 1,8 milyard dollar təşkil edir.
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

