Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti (1969-2003-cü illər)” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndərin Heydər Əliyev Meydanında və Heydər Əliyev Mərkəzi qarşısında ucaldılmış abidələri önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Tədbirin əvvəlində Heydər Əliyev Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. Konfrans işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin, YAP Mingəçevir şəhər təşkilatının rəhbərliyi, səhiyyə, təhsil müəssisələrinin, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT rəhbərləri, şəhər gənclərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda RİH başçısı İlham İsmayılov “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti (1969-2003-cü illər)” mövzusunda məruzə ilə çıxış etmişdir. Tədbirin sonunda ulu öndərə həsr olunmuş “Əsrin adamı” filmi nümayiş etdirilmişdir.
Daha sonra konfrans iştirakçıları Mingəçevir Dövlət Dram Teatrında “Dahilik divanı” adlı tamaşaya baxdılar. Axşam Heydər Əliyev meydanında incəsənət ustalarının iştirakı ilə böyük bayram şənliyi və atəşfəşanlıq keçirildi.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

