Azərbaycan Elm Fondunda müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Əvvəlcə fondun kollektivi Fəxri xiyabanda ulu öndərin xatirəsini anıb, məzarı önünə gül dəstələri düzüblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu və yorulmaz fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Anım tədbirini giriş sözü ilə açan Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatı boyu daim dövlətini, xalqını düşünmüş, ölkəmizin çiçəklənməsi və dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi istiqamətində tarixi addımlar atmışdır.
M.İmanova Azərbaycan elminin bugünkü inkişaf səviyyəsinə yüksəlməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərindən danışıb. İcraçı direktor qeyd edib ki, görkəmli dövlət xadimi ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirmiş, elm-təhsil problemlərinə kompleks yanaşmış, elmin sürətli inkişafı üçün mühüm qərarlar vermişdir. Ümummilli liderin əsasını qoyduğu ideya və strategiyalar, layihələr, dövlət proqramları Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və çağırışlarından irəli gələrək zənginləşdirilib və həyata keçirilib.
Mehriban İmanova Azərbaycan Elm Fondunun 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Əsas Qrant Müsabiqəsini elan etdiyini xatırladıb. Əlavə edib ki, bu müsabiqə ölkəmizdə qabaqcıl texnologiyaların, kəşflərin sayını artırmaq üçün nəzərdə tutulub.
Tədbirdə digər çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, dahi lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazandığını bildiriblər. Qeyd olunub ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.
Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

